“Bahar Energy Operating”: Yeni texnologiyaların tətbiqində insan amili əsas rola malikdir
Bakı, 2 iyun, AZƏRTAC
Müasir texnologiyaların uğurlu tətbiqi təkcə texniki həllərdən deyil, həm də insanların və korporativ mədəniyyətin dəyişikliyə hazırlıq səviyyəsindən asılıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Enerji Həftəsi çərçivəsində keçirilən “Yataqların işlənməsi üzrə yeni layihələr: müasir texnologiyaların tətbiqi təcrübəsi” adlı sessiyada çıxış edən “Bahar Energy Operating” şirkətinin Performans və texnologiyalar departamentinin direktoru Orxan Hüseynov bildirib.
Onun sözlərinə görə, insanlar müasir texnologiyaları qəbul etməyə və onlardan istifadə etməyə hazır deyilsə, hətta ən müasir və effektiv texnoloji həllər də gözlənilən nəticələri verməyəcək.
“İnsanlar ən dəyərli varlıqdır. İstifadəçilər yeni texnologiya ilə işləməyə hazır deyillərsə, bu, tətbiq prosesini ləngidə və onun effektivliyini azalda bilər”, - deyə natiq qeyd edib.
Orxan Hüseynov vurğulayıb ki, yeni həlləri tətbiq etməzdən əvvəl onlardan istifadə edəcək şəxslərin hazırlığını qiymətləndirmək, eləcə də korporativ mədəniyyətin xüsusiyyətlərini nəzərə almaq lazımdır.
“Bahar Energy Operating” şirkətinin nümayəndəsi əlavə edib ki, yeni texnologiyaların tətbiqinə kifayət qədər hazırlıqlı olmamaq əməliyyat xərclərinə və investisiya səmərəliliyinə təsir göstərə bilər. Onun sözlərinə görə, buna görə də ilkin qiymətləndirmə, həllərin sınaqdan keçirilməsi və uğurlu tətbiq təcrübələrinin öyrənilməsi vacibdir.