Fransada keçiriləcək sərgidə İsrailin istehsalı olan hücum xarakterli silahların nümayişi qadağan edilib
Paris, 2 iyun, AZƏRTAC
Fransa cari il iyunun 15-19-da paytaxt Parisin yaxınlığında keçiriləcək dünyanın ən böyük müdafiə və təhlükəsizlik sərgilərindən biri olan “Eurosatory 2026” çərçivəsində İsrailin istehsalı olan hücum xarakterli silahların nümayişini qadağan edib. Qərar İsrail hakimiyyətinin sərt reaksiyasına səbəb olub və rəsmi Təl-Əviv bunu siyasi və kommersiya hesablarına əsaslanan utancverici addım kimi qiymətləndirib.
AZƏRTAC xəbər verir ki, sərginin təşkilatçısı olan “Coges Events” şirkətinin prezidenti Şarl Boduən yalnız ballistik raketlər və hava hücumlarına qarşı müdafiə sistemlərini təqdim edən İsrail şirkətlərinə sərgidə iştirak etmək icazəsinin veriləcəyini bildirib. “Burada qeyri-müəyyənlik yoxdur. Qərar hücum silahlarının sərgidə yer almasının qarşısını alır”, – deyə o vurğulayıb.
Fransanın Müdafiə Nazirliyi də qərarı təsdiqləyib. Bildirilib ki, İsrail şirkətlərinə yalnız hava hücumundan müdafiə və raket əleyhinə müdafiə sistemlərini təqdim etməyə icazə veriləcək. Müəyyən edilmiş çərçivəyə uyğun fəaliyyət göstərən İsrail şirkətləri sərgidə iştirak edə biləcək.
İsrailin Müdafiə Nazirliyi isə qərara kəskin etiraz edib və bunun nəticəsində bu ölkənin sərgidə milli pavilyon qurmaq və tamhüquqlu iştirak etmək imkanından məhrum olduğu bildirilib.
Nazirliyin bəyanatında deyilir ki, bu, utancverici qərardır və siyasi, eləcə də kommersiya hesablarının təsirini hiss etdirir. İsrail tərəfi əlavə edib ki, son illərdə Fransanın İsrailə münasibətində müşahidə olunan tendensiyalar fonunda bu qərar onlar üçün gözlənilməz olmayıb.
Qeyd edək ki, Fransa hökuməti son aylarda İsrailin Livan ərazisində həyata keçirdiyi hərbi əməliyyatları dəfələrlə tənqid edib. Paris fevral ayının sonlarından etibarən Livandakı hücumlarla bağlı narahatlığını açıq şəkildə ifadə edir.
Bundan əlavə, Fransa bazar günü BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb edib. Buna səbəb ordunun Livandakı tarixi “Beaufort Castle” qalasını nəzarətə götürərək orada İsrailin bayrağını qaldırması olub.