Bakı Enerji Həftəsi beynəlxalq enerji əməkdaşlığının inkişafına mühüm töhfə verir
Bakı, 2 iyun, AZƏRTAC
Bakı Enerji Həftəsi çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəf “Apollo Global Management, Inc.”in idarəedici direktoru Conatan Bar ilə görüşüb.
SOCAR-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Bakı Enerji Həftəsinin beynəlxalq enerji əməkdaşlığının inkişafına mühüm töhfə verdiyi qeyd olunub. Bu xüsusda, tədbirin açılış mərasimi çərçivəsində tərəflər arasında imzalanan sənədlərin qarşılıqlı səmərəli əlaqələrin genişləndirilməsi baxımından önəmi vurğulanıb.
Söhbət zamanı “midstream”, yaşıl enerji keçidi istiqamətlərində əməkdaşlıq imkanları nəzərdən keçirilib, eləcə də enerji layihələrinin kapital strukturunun optimallaşdırılması, innovativ investisiya həllərinin tətbiqi və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.