Yerlan Kulşibayev: Azərbaycan BTQ layihəsinin həyata keçirilməsində mühüm rol oynayıb
Tbilisi, 2 iyun, AZƏRTAC
Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu xətti (BTQ) Orta Dəhliz marşrutunun ayrılmaz hissəsi olduğu aydındır. BTQ-nin yük tutumu 2017-ci ildə bir milyon ton idi, lakin mövcud geosiyasi vəziyyət, Orta Dəhliz marşrutu boyunca artan tendensiyanı, artan həcmləri və ehtiyacları nəzərə alsaq deyə bilərik bu həcm 5 milyon tona çatdırılacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlaması zamanı “Qazaxıstan Dəmir Yolları” SC-nin sədrinin müavini Yerlan Kulşibayev deyib.
Onun sözlərinə görə, Çində artan sayda yükü birləşdirən və onları Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstandan keçməklə Türkiyəyə, daha sonra isə Avropaya göndərən logistika mərkəzləri istifadəyə verilib.
“Şübhəsiz ki, Azərbaycan bu layihənin maliyyələşdirilməsində böyük rol oynayıb. Burada Gürcüstan və Türkiyə dəmir yollarının əlaqələndirilmiş işini də nəzərə almalıyıq”, - deyə Yerlan Kulşibayev əlavə edib.