SOCAR: Resursların olması öz-özlüyündə miqyaslı energetika layihələrinin reallaşdırılmasına təminat vermir
Bakı, 2 iyun, AZƏRTAC
Resursların olması öz-özlüyündə miqyaslı energetika layihələrinin reallaşdırılmasına təminat vermir. Bunun üçün siyasi iradə, alıcılar tərəfindən uzunmüddətli öhdəliklər və maliyyə institutlarının dəstəyi tələb olunur.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Enerji Həftəsinin “Cənub Qaz Dəhlizi: Energetika təhlükəsizliyi və regional əməkdaşlıq” adlı sessiyasında çıxış edən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz Marketinqi Departamentinin rəhbəri Nəriman Şahsuvar bildirib.
Onun sözlərinə görə, Cənub Qaz Dəhlizi bir neçə əsas amilin kombinasiyasının nəticəsi olub. Bunlara Azərbaycanın əhəmiyyətli resurs bazası, “Şahdəniz” layihəsinin ikinci mərhələsinin inkişafı, beynəlxalq bazarlarda qaza mövcud tələbat və layihəyə siyasi dəstək daxildir.
“Resurslara malik bir çox ölkə var, lakin onlar Xəzər regionundan Avropaya qədər uzanan bu miqyaslı layihələri həyata keçirmirlər. Buna görə də, siyasi iradə bu layihənin başlanması və həyata keçirilməsində həlledici rol oynayıb”, - deyə N.Şahsuvar vurğulayıb.
O qeyd edib ki, 20 ildən çox davam edən uzunmüddətli qaz təchizatı müqavilələri, eləcə də beynəlxalq maliyyə institutlarının və investorların istehsaldan təchizata və son istehlakçılara qədər layihənin bütün mərhələlərində iştirakı Cənub Qaz Dəhlizinin həyata keçirilməsi üçün əsas şərtlər olub.
SOCAR nümayəndəsinin sözlərinə görə, Cənub Qaz Dəhlizi təxminən 3500 kilometr uzunluğunda və ümumi investisiyası təxminən 40 milyard dollar olan infrastruktur layihəsidir. Buraya yataqların işlənməsi, platforma tikintisi, emal müəssisələri, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, TANAP və TAP (Trans-Anadolu və Trans-Adriatik Qaz kəmərləri – red.) layihələrinin həyata keçirilməsi daxildir.
N.Şahsuvar, həmçinin vurğulayıb ki, Cənub Qaz Dəhlizinin əhəmiyyəti, xüsusən də Avropadakı enerji böhranından sonra artıb. O bildirib ki, layihə avropalı istehlakçılara təchizat mənbələrini şaxələndirmək və enerji təhlükəsizliyini gücləndirmək üçün əlavə imkanlar yaradıb.