Nazir müavini: Enerji səmərəliliyi sahəsində özəl sektorun iştirakı vacibdir
Bakı, 2 iyun, AZƏRTAC
Azərbaycanda enerji səmərəliliyi tədbirlərinin genişləndirilməsi üçün dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi vacibdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri energetika nazirinin müavini Elnur Soltanov Bakı Enerji Forumu həftəsi çərçivəsində keçirilən “Enerji səmərəliliyi və ESCO investisiya platforması: Qlobal ESCO təcrübəsinin Azərbaycanın iri enerji istehlakçıları ilə əlaqələndirilməsi” adlı sessiyada çıxışı zamanı deyib.
O bildirib ki, enerji səmərəliliyi ilə bağlı proseslərin sürətləndirilməsi üçün dövlət korporasiyaları, özəl şirkətlər və digər qurumların fəal iştirakı mühüm əhəmiyyət daşıyır.
“Bu istiqamətdə aparılan müzakirələr və təcrübə mübadiləsi sənaye üzrə yeni yanaşmaların formalaşmasına kömək edə bilər. Əsas məqsəd enerji səmərəliliyi tədbirlərinin praktik tətbiqini genişləndirmək və əldə olunan nəticələri müxtəlif sektorlar üzrə paylaşmaqdır”,- deyə o bildirib.
Elnur Soltanov əlavə edib ki, enerji keçidi prosesinin uğuru bütün maraqlı tərəflərin birgə fəaliyyəti və davamlı əməkdaşlığından asılıdır.