ADY: Orta Dəhlizlə yükdaşımaların artması BTQ-nin imkanlarının genişləndirilməsini zəruri edib
Tbilisi, 2 iyun, AZƏRTAC
Bakı–Tbilisi–Qars dəmir yolu xətti (BTQ) Orta Dəhlizin Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçən ən mühüm seqmentlərindən biridir. Son illərdə Orta Dəhliz üzrə yükdaşımaların həcminin əhəmiyyətli dərəcədə artması bu marşrutun imkanlarının genişləndirilməsini zəruri edib.
Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı “Azərbaycan Dəmir Yollları” QSC-nin (ADY) mətbuat xidmətinin rəhbəri Bəxtiyar Hacıyev deyib.
“Məhz buna görə də “Azərbaycan Dəmir Yolları” tərəfindən 2023–2024-cü illərdə dəmir yolu xəttinin Gürcüstan hissəsində genişmiqyaslı modernləşdirmə işləri həyata keçirilib. Nəticədə Bakı–Tbilisi–Qars dəmir yolunun illik yükötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılıb. Mayın 18-də Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana səfəri çərçivəsində tərəflər arasında müvafiq protokol imzalanıb. Həmin sənədlə modernləşdirmə işlərinin yekunlaşdığı və layihənin tam istifadəyə hazır olduğu rəsmən təsdiqlənib. Bu gün keçirilən tədbir də məhz həmin prosesin məntiqi davamıdır. Tədbirin əsas əhəmiyyəti ondan ibarətdir ki, Bakı–Tbilisi–Qars dəmir yolu xətti modernləşdirilmədən sonra tam gücü ilə istifadəyə verilir.
Bu isə yalnız Azərbaycan üçün deyil, bütövlükdə region üçün mühüm hadisə hesab olunur. Çünki Orta Dəhlizin əhəmiyyətinin artdığı, Asiya ilə Avropa arasında yükdaşımaların sürətlə genişləndiyi bir dövrdə Bakı–Tbilisi–Qars xətti daha böyük həcmdə yüklərin daşınmasına imkan verəcək və regional tranzit potensialını əhəmiyyətli dərəcədə gücləndirəcək”, - deyə Bəxtiyar Hacıyev qeyd edib.