Qərbi Azərbaycana qayıdışın hüquqi və tarixi aspektləri beynəlxalq diskursda
Bakı, 2 iyun, AZƏRTAC
Bakı Dövlət Universiteti (BDU) və Qərbi Azərbaycan İcmasının (QAİ) birgə təşkilatçılığı ilə iyunun 3-4-də “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I beynəlxalq elmi konfrans keçiriləcək.
BDU-dan AZƏRTAC-a bildirilib ki, konfransda Qərbi Azərbaycana qayıdışın tarixi, hüquqi, siyasi, mədəni və sosio-fəlsəfi aspektləri, regional sülh və təhlükəsizlik baxımından əhəmiyyəti müzakirə olunacaq. Qərbi Azərbaycana qayıdış konsepsiyası milli ideyanın inkişaf mərhələsi kimi beynəlxalq hüquq normaları kontekstində qiymətləndiriləcək. Konfransda, həmçinin humanitar və mədəni irsin qorunması məsələləri, qayıdış ideyasının sülh və regional sabitliklə uzlaşan konseptual model kimi təqdim edilməsi, milli ideyanın müasir mərhələdə dövlətçilik, suverenlik və tarixi ədalət prinsipləri əsasında yenidən şərh olunması istiqamətində əldə edilmiş elmi nəticələr beynəlxalq müstəvidə müzakirə olunacaq, habelə Qərbi Azərbaycandan deportasiya olunmuş azərbaycanlıların qayıdış hüququnun normativ əsasları elmi baxımdan təhlil ediləcək.
Beynəlxalq elmi konfrans Qərbi Azərbaycana qayıdış mövzusunun beynəlxalq elmi diskursda daha geniş yer almasına, elmi əməkdaşlıqların genişlənməsinə mühüm töhfə verməyi hədəfləyir.
Konfransda “Qayıdış və regionun yeni sülh arxitekturası”, “Qayıdış beynəlxalq hüquq və yeni reallıqlar müstəvisində”, “Tarixi yaddaş və milli kimlik” mövzularında 3 panel sessiyanın keçirilməsi nəzərdə tutulub. Konfrans öz işini iyunun 4-də Bakı Dövlət Universitetində “Qərbi Azərbaycan və tarixi yaddaş”, “Qərbi Azərbaycana qayıdışın hüquqi çərçivəsi”, “Qayıdış diskursunda regional təhlükəsizlik: müasir baxışlar və strateji yanaşmalar”, “Mədəni irs və mənəvi yaddaş: dil, folklor, mətbuat, kitablar və intellektual mühit”, “Qərbi Azərbaycan – “yaşıl” Vətən” adlı 5 bölmə iclası ilə davam etdirəcək. Bölmə iclaslarında 100-dək məruzə dinləniləcək.