Türkiyədə enerji səmərəliliyi layihələrinə yatırılan investisiyaların artırılması hədəflənir
Bakı, 2 iyun, AZƏRTAC
Türkiyədə enerji səmərəliliyi sahəsində həyata keçirilən layihələrə yatırılan investisiyaların həcminin artırılması hədəflənir.
AZƏRTAC xəbər verir ki, bu sözləri “ESCON Enerji A.Ş.”nin baş icraçı direktoru və EYODER-in rəhbəri Onur Ünlü Bakı Enerji Forumunda “Enerji səmərəliliyi və ESCO investisiya platforması: Qlobal ESCO təcrübəsinin Azərbaycanın iri enerji istehlakçıları ilə əlaqələndirilməsi” adlı sessiyada çıxışı zamanı deyib.
O bildirib ki, enerji səmərəliliyi Türkiyə üçün strateji əhəmiyyət daşıyır və bu istiqamətdə islahatlara 2000-ci illərin əvvəllərindən başlanılıb. Onun sözlərinə görə, 2007-ci ildə qəbul edilən Enerji Səmərəliliyi Qanunu bu sahədə fəaliyyətin genişlənməsinə və müəssisələrdə enerji idarəetmə mexanizmlərinin formalaşmasına təkan verib.
Onur Ünlü qeyd edib ki, hazırda Türkiyə bazarında Energetika Nazirliyi ilə əməkdaşlıq edən onlarla enerji səmərəliliyi xidmətləri göstərən şirkət fəaliyyət göstərir.
“Bu şirkətlər sənaye müəssisələrində enerji istifadəsinin optimallaşdırılması və səmərəliliyin artırılması istiqamətində mühüm rol oynayır. Hazırda enerji səmərəliliyi tətbiqlərinə təxminən 2 milyard dollar investisiya yatırılıb və qarşıdakı dövrdə bu göstəricinin əhəmiyyətli dərəcədə artırılması planlaşdırılır”,- deyə o əlavə edib.