Elnur Soltanov: Enerji səmərəliliyinin artırılması üçün maliyyə mexanizmlərinin formalaşdırılması vacibdir
Bakı, 2 iyun, AZƏRTAC
Enerji səmərəliliyinin artırılması Azərbaycanda enerji keçidinin əsas istiqamətlərindən biri hesab olunur. Bu istiqamətdə hüquqi bazanın təkmilləşdirilməsi və enerji səmərəliliyi mexanizmlərinin tətbiqi üzərində iş aparılır.
AZƏRTAC xəbər verir ki, bu sözləri energetika nazirinin müavini Elnur Soltanov Bakı Enerji Həftəsi çərçivəsində keçirilən “Enerji səmərəliliyi və ESCO investisiya platforması: Qlobal ESCO təcrübəsinin Azərbaycanın iri enerji istehlakçıları ilə əlaqələndirilməsi” adlı sessiyada çıxışı zamanı deyib.
Nazir müavininin sözlərinə görə, enerji istehlakı yüksək olan müəssisə və binalarda enerji menecerlərinin təyin edilməsi nəzərdə tutulur.
“Enerji səmərəliliyinin artırılması üçün yalnız texniki tədbirlər deyil, həm də maliyyə mexanizmlərinin formalaşdırılması vacibdir. Bu sahədə atılan addımlar enerji resurslarından daha səmərəli istifadəyə imkan yaradacaq”,- deyə o diqqətə çatdırıb.