Orxan Hüseynov: Yeni texnologiyaların tətbiqi zamanı risklər nəzərə alınmalıdır
Bakı, 2 iyun, AZƏRTAC
Yeni texnologiyalar və süni intellektdən istifadə çox yaxşı təcrübədir və onların tətbiqi vacibdir. Lakin yeni texnologiyaları bütün yataqlarda tətbiq etmək mümkün deyil.
AZƏRTAC xəbər verir ki, bu sözləri 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi çərçivəsində təşkil olunan “Neft və qaz yataqlarının inkişafı üçün yeni layihələr: Müasir texnologiyaların tətbiqi təcrübəsi” mövzusunda keçirilən panel iclasında çıxışı zamanı “Bahar Energy” şirkətinin Performans və yeni texnologiyalar departamentinin direktoru Orxan Hüseynov deyib.
Onun sözlərinə görə, yeni texnologiyanın tətbiqi zamanı ərazi ətraflı öyrənilməlidir.
“bp bu texnologiyanı daha çox tətbiq edir. Lakin Şimal dənizində tətbiq olunan texnologiyanı Xəzər dənizində tətbiq etmək olmur. Buna görə də şirkət əvvəlcədən müəyyən etməlidir ki, tətbiq səmərəli olacaq ya yox? Tətbiq zamanı əməkdaşlar bunu idarə edə biləcəklər ya yox? Bu məsələlər əhatəli şəkildə öyrənilməlidir. Qumlu ərazilərdə də yeni texnologiya tətbiqi çox çətindir və baha başa gəlir. Yeni texnologiya və süni intellekt məsələsində təcrübə mübadiləsi də olduqca vacib məsələdir. Müxtəlif yataqlara, müxtəlif texnologiya lazım gəlir. Bütün bunlarla yanaşı riskləri də nəzərə almaq vacibdir”, - deyə departament direktoru vurğulayıb.
Foto: Tofiq Babayev