CƏMİYYƏT
Bahar Muradova: Uzunömürlü ailələrin təcrübəsinin gənc ailələrə ötürülməsini böyük sərvət kimi dəyərləndiririk
Bakı, 26 sentyabr, AZƏRTAC
İlk dəfədir ki, Azərbaycanda belə bir forum keçirilir. Hesab edirəm ki, bu forum başlanğıc üçün yaxşı addımdır. İnanıram ki, forum qarşısına qoyduğu vəzifələri yerinə yetirəcək.
AZƏRTAC xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova "Ailə - dəyişməyən dəyərimiz" mövzusunda keçirilən "Gənc Ailə Forumu"nun rəsmi hissəsində deyib.
B.Muradova bildirib ki, ənənələrimiz məhz ailə mühitində formalaşır və gələcək nəsillərə ötürülür.
“Hansı dövrdə yaşamağımızdan asılı olmayaraq, ailənin təməlində dayanan dəyərlər var. Bu dəyərlər ailəni möhkəm saxlayan amillərdir.
Konfransın məqsədi gənc ailələrin qarşılaşdığı problemləri müzakirə etməkdir. Biz bu forumda, həmçinin uzunömürlü ailələrin təcrübəsinin gənc ailələrə ötürülməsini böyük sərvət kimi dəyərləndiririk”, - deyə Komitə sədri qeyd edib.
Komitə sədri, həmçinin çıxışında ailə dəyərlərinin təbliği istiqamətində son 4 ildə 30-a yaxın videoçarx hazırlandığını da diqqətə çatdırıb.