Bakı Dövlət Universitetinin həmtəsisçisi olduğu jurnal dünya alimlərinin diqqətini cəlb edib
Bakı, 4 iyun, AZƏRTAC
Bakı Dövlət Universiteti (BDU) və “Jomard Publishing” nəşriyyatının birgə təsis etdiyi “New Materials, Compounds and Applications” (NMC&A) jurnalının yeni nömrəsi çapdan çıxıb.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, nəşr kimyanın, kimya mühəndisliyinin, birləşmələr nəzəriyyəsinin və materialşünaslığın kəsişməsinə aid olan müasir fundamental tədqiqat nəticələrini əks etdirən rəyləşdirilmiş nəzəri, praktiki və eksperimental məqalələrin, icmalların, qısa xəbərlərin çapını nəzərdə tutan açıq elmi jurnaldır.
Akademik Abel Məhərrəmovun baş redaktorluğu ilə işıq üzü görən jurnalın 2017-ci ilin dekabrında çapdan çıxmış birinci nömrəsində dünyanın L.Pombeiro, Hirotaka Ihara, N.V.Kozak, Hiroki Noguchi kimi məşhur alimlərinin məqalələri dərc edilib.
Jurnalın bu nömrəsinə materiallar və birləşmələr nəzəriyyələrinin və tətbiqlərinin müxtəlif aspektlərinə həsr edilmiş ciddi elmi tutumlu, rəyləşdirilmiş məqalələr daxil edilib. Diqqətəlayiq haldır ki, yeni təsis olunmasına baxmayaraq, jurnal artıq ciddi beynəlxalq indeksləmə sistemlərinə daxil edilib, dünya alimlərinin diqqətini ciddi bir elmi nəşr kimi cəlb etməyə başlayıb. Elə bunun nəticəsidir ki, jurnalın ikinci nömrəsinə kifayət qədər tanınmış alimlərin məqalələri daxil edilib.
Nəşrdəki məqalələr uyğun profilli tədqiqatçılar üçün xüsusi əhəmiyyət kəsb edir. Jurnalın tam məzmunu ilə http://jomardpublishing.com/journals.aspx?lang=az&id=12&menu=8&info= linkində tanış olmaq mümkündür.