İQTİSADİYYAT
Bakı metropoliteni “TEKNOFEST” festivalı müddətində iş rejiminə dəyişikliklər edəcək
Bakı, 25 may, AZƏRTAC
Türkiyənin “TEKNOFEST” Aviasiya, Kosmos və Texnologiya Festivalının may ayının 26-29-u aralığında ilk dəfə Azərbaycanda keçirilməsi və bu tədbirlərə xüsusi marağı nəzərə alaraq, Bakı metropoliteninin iş rejimində də müvafiq dəyişikliklər ediləcək.
“Bakı Metropoliteni” QSC-dən AZƏRTAC-a bildirilib ki, “TEKNOFEST Azərbaycan” tədbiri əsasən, “Bakı Kristal Zalı” və Dənizkənarı bulvar ərazisində keçiriləcək. Bu səbəbdən Bakı metropoliteninin “28 May”, “Sahil”, “İçərişəhər” və “Nizami” stansiyalarının gücləndirilmiş iş rejimində müvafiq dəyişikliklər ediləcək. Tədbirlə əlaqədar bu stansiyalarda əlavə işçi personalı ayrılmaqla xüsusi növbətçilik cədvəli tərtib olunacaq.
Festival iştirakçılarının və izləyicilərinin rahatlığını təmin etmək məqsədilə tədbirin keçiriləcəyi mayın 28 və 29 tarixləri Azərbaycanda bayram və istirahət günləri olsa da, qatarların hərəkətinin, adi iş günlərində olduğu kimi, optimal qrafik üzrə tətbiq edilməsi qərara alınıb.
Bununla yanaşı, festival günlərində də ehtiyat qatarlar daim hazır saxlanılacaq. Sərnişin axınının mümkün sıx saatları tədbirlərin proqramına uyğun müəyyən olunub. Buna müvafiq olaraq ehtiyat qatarların xəttə buraxılmasının nizamlanmış qaydası planı tərtib edilib.
“Bakmil” stansiyasına və əks istiqamətdə hərəkət edən sərnişinlərin diqqətinə çatdırılır ki, qeyd edilən günlərdə qatarların hərəkət cədvəli iş günləri qrafikinə uyğun tənzimlənəcək.
Festivalın təşkilat komitəsi ilə əldə olunmuş qarşılıqlı razılıq və əməkdaşlıq planına əsasən tədbirlərin keçiriləcəyi günlərdə “28 May”, “Sahil” və “İçərişəhər” stansiyalarında ikinövbəli olmaqla, könüllülər sərnişinlərin xidmətində olacaq. Onlar metropolitençilərlə birlikdə sərnişinlərə gediş haqqının ödənilməsi, istiqamət və səmtin müəyyənləşdirilməsi, habelə digər faydalı məlumatların verilməsini təmin edəcəklər. Bununla əlaqədar festivalın təşkilat komitəsində fəaliyyət göstərən könüllülər arasından seçilmiş namizədlərlə təlimatlandırma işi aparılıb.