Bakı metropolitenində Bilik Günü münasibətilə tədbir keçirilib
Bakı, 15 sentyabr, AZƏRTAC
Bakı metropolitenində Bilik Günü münasibətilə artıq ənənə halını almış tədbir keçirilib.
“İçərişəhər” stansiyasının yuxarı vestibülündə təşkil olunan layihənin məqsədi metrodan istifadə edən, xüsusən bu nəqliyyat vasitəsinin daimi sərnişinlərinə çevrilən ibtidai sinif şagirdlərini təbrik etmək, onlara yeni dərs ilində uğurlar arzulamaq olub.
AZƏRTAC xəbər verir ki, yeni dərs ilinin başlanması ilə əlaqədar hazırlanmış əyləncəli səhnəciklər, sərnişinlər arasında onların ovqatını yüksəldən nəhəng oyuncaqlar tədbirə gəlmiş uşaqlara xoş anlar yaşadıblar. DJ-in musiqisinin sədaları altında sehrbazın məharəti isə azyaşlı sərnişinlərin ovqatını daha da yüksəldib.
Ən yaddaqalan məqamlarından biri Bəhram Bağırzadə ilə görüş olub. Şən zarafatları və suallara hazırcavablığı ilə yenə insanların diqqətini çəkən Bəhram Bağırzadə uşaqlar üçün qələmə aldığı zəngin məlumatlı kitablarını imzalayaraq balaca dostlarına paylayıb.
Tədbirin gedişində balacalara üzərində metronun loqosu əks olunmuş şarlar, müxtəlif məktəb ləvazimatları və məktəblilərin maariflənməsi məqsədilə hazırlanmış əyləncəli proqram təqdim edilib.