Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında anım mərasimi
Bakı, 20 yanvar, Abdulla Suvar, AZƏRTAC
Bakı Metropoliteninin “20 Yanvar” stansiyasının üzərindəki 20 Yanvar dairəsində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin yaxınlığında səslənən kədərli musiqinin qəlb göynədən ahəngində 25 illik ayrılığın ağrı-acısı süzülürdü. Buradakı insanların baxışlardan başımıza gətirilən bu faciənin günahkarlarına lənət oxunurdu. Əllərində tər çiçəklər tutmuş adamların düşmənə nifrət dolu baxışlarında həm də bir qürur, mübarizlik özünü büruzə verirdi.
Ziyarətə gələnlər arasında yaşlı insanlar da çox idi. Onlar bu məkanda baş verənləri yaxşı xatırlayırlar. Bilirlər ki, o müdhiş gecədə qətlə yetirilənlərin çoxu məhz burada düşmən gülləsinə tuş gəlmişdi. Odur ki, həmin kompleks də insanların ziyarətgahına çevrilib.
AZƏRTAC xəbər verir ki, Yasamal rayonunda fəaliyyət göstərən idarə və müəssisələrin kollektivləri, paytaxt ictimaiyyətinin nümayəndələri faciənin 25-ci ildönümü ilə əlaqədar 20 Yanvar meydanındakı abidə kompleksinin önünə əklil qoyub, gül düzüb, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
Buraya üz tutanlardan biri - o günlərin canlı şahidi, paytaxt sakini Dəyanət Babayev deyir ki, tarixdə çox qırğınlar baş verib, lakin 20 Yanvar faciəsinin miqyası daha böyükdür. Bu səbəbdən də 20 Yanvar Azərbaycan xalqının hüzn və şərəf günüdür. Xalqımız həyatdan vaxtsız getmiş övladlarına matəm saxlamaqla bərabər, onların şəhidlik zirvəsinə baxaraq başını dik tutmalıdır. Çünki Vətən və torpaq şəhidləri ilə ucalır.
Bu gün Qanlı Yanvarın 25-ci ildönümüdür. 25 il əvvəl Azərbaycan xalqı qorxunc günlər yaşayırdı. Xalqımız qırmızı imperiyanın “Qızıl ordusu”nun, sovet hərb maşınının hücumuna məruz qalmışdı. 20 Yanvar faciəsi Azərbaycan xalqını qorxutmaq, torpaq, Qarabağ və azadlıq uğrunda mübarizə ruhunu məhv etmək məqsədi daşıyan mənfur planın tərkib hissəsi idi. 20 Yanvar sadəcə, ağı və acı ilə xatırlanan gün deyil, eyni zamanda, şan və şərəf günüdür.
Faciənin 25-ci ildönümü münasibətilə metronun “20 Yanvar” stansiyasında da bir dəqiqəlik sükut elan olundu. Stansiyada qərənfillərdən matəm kompozisiyası qurulmuşdu. Ölməz şəhidlərimizin mübarizə, mərdlik və Vətənə sevgi dolu ömür yollarını təcəssüm etdirən bu kompozisiya hər kəsi ayaq saxlamağa, faciə qurbanlarının xatirəsini anmağa səsləyirdi. Təsadüfü deyildi ki, metrodan istifadə edən insanlar bu kompozisiyanın qarşısında dayanır, şəhidlərin xatirəsinə hörmət və ehtiramlarını bildirirdilər. Onlardan biri də Qarabağ döyüşlərinin iştirakçısı olmuş Behbud Dadaşovdur. O deyir ki, həmin gecə günahsız insanlara açılan atəş tarixin axarını dəyişən, milli intibahın, azadlıq hərəkatının gələcəyini müəyyən edən hadisə olub. Həmin qanlı Yanvar gecəsində metropolitenin işçiləri həyatlarını təhlükə altında qoyaraq yaralıları xəstəxanalara daşıyıblar.
Bu hadisələrin hər il xatırlanması və kütləvi tədbirlərlə qeyd olunması tam qətiyyətlə deməyə əsas verir ki, Vətən uğrunda canını fəda etmiş şəhidlərin xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq.