Bakı Metropoliteninin bütün infrastrukturu növbəti dəfə yoxlanılacaq
Bakı, 12 mart, AZƏRTAC
Koronavirus infeksiyası ilə əlaqədar ölkəmizdə tətbiq edilən xüsusi karantin rejimi nəzərə alınaraq Nazirlər Kabinetinin qərarı ilə sərnişindaşımada yaranmış fasilə müddətində Bakı Metropoliteninin bütün infrastrukturu martın 13-14-də növbəti dəfə normal iş rejimi şəraitində yoxlanılacaq.
“Bakı Metropoliteni” QSC-dən AZƏRTAC-a bildirilib ki, sərnişin daşınmadığı müddətdə Bakı metrosunda müntəzəm tədbirlər hər bir sahədə texniki-normativ tələblərə uyğun olaraq davamlı aparılır. Normal iş rejimi şəraitində yoxlamanın məqsədi isə metropoliten infrastrukturunun vahid sistem kimi bir daha yoxlamaqla qiymətləndirmək və hazırlıq səviyyəsinin optimallığını qoruyub saxlamaqdır.
Yoxlama çərçivəsində qatarlar metropoliten xətlərində müəyyən edilmiş qrafikə uyğun hərəkətə gətiriləcək və gün ərzində işləyəcək. Bu zaman hərəkətin təşkili və idarə olunması, o cümlədən infrastruktura daxil olan elektrik təchizatı və digər mühəndis-texniki sistemlərin, qurğu və avadanlıqların adi iş rejimi qaydasında yoxlanılması da həyata keçiriləcək.
Yoxlamanın daha bir hədəfi aidiyyəti üzrə işçi personalının peşə vərdişlərini qiymətləndirmək və möhkəmləndirməkdir.
“Bakı Metropoliteni” QSC ictimaiyyətin diqqətinə çatdırır ki, yoxlama tədbirləri zamanı sərnişin daşınmayacaq. COVID-19 pandemiyası şəraitində tətbiq edilən xüsusi karantin rejimi dövründə metropolitendə sərnişindaşıma fəaliyyəti yalnız Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tənzimlənir.