“BAKI-MİNGƏÇEVİR” QATARI İLK SƏFƏRƏ YOLA DÜŞDÜ
“Diqqət, hörmətli sərnişinlər, Bakı-Mingəçevir firma qatarı yola düşür...” Bu elan martın 8-dən etibarən Bakı dəmir yolu vağzalında günaşırı saat 15.00-da radio vasitəsilə bildiriləcəkdir.
Martın 5-də yeni marşrut üzrə hərəkət edəcək “Ana Kür” adlı Bakı-Mingəcevir firma qatarının yoxlama-sınaq səfərinə çıxması münasibətilə Bakı vaqon deposunda mərasim keçirildi.
Azərbaycan Dövlət Dəmir Yolunun rəisi Ziya Məmmədov çıxışında bildirdi ki, yeni marşrut respublika prezidenti Heydər Əliyevin tapşırığı ilə reallaşır. Rəis Bakı-Mingəçevir firma qatarı üçün vaqonların respublikamızın mütəxəssisləri tərəfindən, həm də köhnə vaqonlardan istifadə etməklə hazırlandığını, hər vaqonda sərnişinlərin rahatlığı üçün bütün imkanlar yaradıldığını, yüksək səviyyədə servis xidməti təşkil edildiyini vurğuladı. O, dedi ki, rahat oturacaqlarla, kondinsioner, istilik sistemləri və video ilə təmin edilmiş səliqəli, müasir dizaynlı vaqonlarda sərnişinlər darıxmayacaq, yol boyu onlara bufet-bar xidmət göstərəcəkdir. Bu firma qatarın hazırlanması dəmir yolçulara təqribən 500 milyon manata başa gəlmişdir.
Mərasimdə çıxış edənlər sərnişinlərə göstərilən bu qayğıya və respublikamızda dəmir yol nəqliyyatının inkişafındakı əvəzsiz xidmətlərinə görə, dövlətimizin başçısı Heydər Əliyevə dərin minnətdarlıqlarını bildirdilər.
Sonra mərasim iştirakçıları Bakı-Mingəçevir firma qatarının vaqonlarına baxdılar. Sərnişinlərin rahatlığı üçün yaradılmış şəraitlə əyani tanış oldular.