Bakı musiqi və incəsənət məktəblərinin fəaliyyətinə həsr olunmuş videokonfrans təşkil olunub
Bakı, 17 aprel, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsində karantin rejimi şəraitində internet üzərindən musiqi və incəsənət məktəblərinin fəaliyyətinin müzakirəsinə həsr olunmuş videokonfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Baş İdarənin rəisi Cəlil Məlikovun sədrliyi ilə keçən onlayn iclasda idarənin məsul işçiləri və uşaq musiqi və incəsənət məktəblərinin rəhbərləri iştirak ediblər.
C.Məlikov ölkəmizdə koronavirus (COVID-19) infeksiyası səbəbindən tətbiq edilən sosial təcrid tədbirləri və xüsusi karantin rejimi ilə əlaqədar idarənin fəaliyyətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları və Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi tələb və tövsiyələr əsasında davam etdirildiyini və internet üzərindən tənzimləndiyini qeyd edib.
Baş İdarənin tabeli qurumlarının ciddi karantin rejimində irəli sürülən təşəbbüsləri dəstəkləyərək sosial şəbəkələrdə başladılmış #evdeqal, #yalligedek, #senetinledestekle, #şeirdepozitivol, #evdeqalmusiqisizqalma çağırışlarında və Mədəniyyət Nazirliyi ilə “Mədəniyyət” kanalının birgə həyata keçirdiyi “Bizi birləşdirən mədəniyyət” layihəsi çərçivəsində gerçəkləşən dahi bəstəkarlarımız Üzeyir Hacıbəyli, Qara Qarayev və Fikrət Əmirov həftələrində fəal iştirak etdiklərini xüsusilə vurğulayıb. Ölkə üçün çətin dövrdə nümayiş etdirdikləri peşəkarlığa və əzmkarlığa görə müəllim heyətinə minnətdarlığını bildirib.
İclasda 9 May - Qələbə Gününə həsr olunmuş festival-müsabiqənin keçirilməsi ilə bağlı təşkilati məsələlər, həmçinin məktəblərdə onlayn dərslərin təşkili və davam etdirilməsi, tədrisin keyfiyyəti və yaranan çətinliklər, həmçinin yeni tədris ilində məktəblərə şagird qəbulunun onlayn təşkili üçün yaradılmış yeni portalın müzakirəsi aparılıb.
Uşaq musiqi və incəsənət məktəblərinin rəhbərləri karantin dövründə keçirilən dərslərin keçirilmə tezliyi və şagirdlərin dərsi mənimsəmə səviyyəsinin müntəzəm təhlil olunduğu barədə məlumat verərək, ümumilikdə videodərslərin şagirdlərin dərsi mənimsəməsinə, eyni zamanda, yaradıcı inkişafına və öz potensiallarını daha sərbəst ifadə etmələrinə yeni imkanlar yaratdığını vurğulayıblar.
Müzakirələrdə təklif və iradlar qeydə alınaraq zəruri tədbirlərin görülməsi üçün müvafiq tapşırıqlar verilib.