BAKI ÖZƏL TÜRK LİSEYİNDƏ YENİ TƏDRİS KOMPLEKSİNİN TƏNTƏNƏLİ TƏMƏLQOYMA MƏRASİMİ KEÇİRİLMİŞDİR
Azərbaycan və Türkiyə arasında yeni təhsil körpüsünün təməlqoyma mərasimində iştirak etdiklərini söyləyən Misir Mərdanov və Hüseyin Çelik, dövlətlərimizin dostluq və qardaşlığı haqqında ümummilli lider, ulu öndər Heydər Əliyevin dediyi “Bir millət-iki dövlət”, Mustafa Kamal Atatürkün söylədiyi “Azərbaycanın sevinci- sevincimiz, kədəri- kədərimizdir” kəlamlarını, ölkədə təhsilin inkişafına böyük diqqət yetirən Prezident İlham Əliyevin tapşırığı ilə üç il ərzində Azərbaycanda 700-dən çox məktəb binasının tikildiyini diqqətə çatdırmışlar. Nazirlər “Çağ” Öyrətim İşlətmələri Şirkətinin respublikamızda gördüyü işləri qeyd etmiş, ölkəmizin başçısı İlham Əliyevin bu qurumun Azərbaycanın gələcəyinə xidmət etdiyini dəfələrlə vurğuladığını bildirmişlər. Çıxışlarda təhsil sahəsində qardaş ölkənin təcrübəsindən bəhrələnməyin, qarşıda duran problemlərin birgə həll edilməsinin əhəmiyyəti də vurğulanmışdır.
Şirkətin respublikamızda fəaliyyət göstərdiyi 15 il ərzində əldə etdiyi nailiyyətlərdən danışan Azərbaycan-Türkiyə özəl liseyləri baş idarəsinin rəisi Adəm Önal şagirdlərin beynəlxalq fənn olimpiadalarında 37 qızıl, 65 gümüş, 89 bürünc medal qazandığını, məzunların dünyanın 32 ölkəsində ən tanınmış universitetlərdə təhsillərini davam etdirdiklərini söyləmişdir.
Misir Mərdanov və Hüseyin Çelik şirkətin ölkəmizdə fəaliyyət göstərən 12 liseyinin müxtəlif fənlər üzrə xarici ölkələrdə keçirilmiş beynəlxalq olimpiadalarda qalib gəlmiş şagirdlərinə hədiyyələr təqdim etmişlər.
Sonda liseyin yeni tədris kompleksinin təməli qoyulmuşdur.
Tədbirdə Milli Məclisin deputatları, bir sıra nazirliklərin və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.