Bakı Qran-Prisinin ikinci günündə Azərbaycanın səkkiz paracüdoçusu mübarizə aparacaq
Bakı, 26 may, AZƏRTAC
Bakıda keçirilən paracüdo üzrə “IBSA Judo Grand-Prix Baku 2021” beynəlxalq Qran-Pri turniri davam edir.
AZƏRTAC xəbər verir ki, turnirin ikinci günündə Azərbaycan cüdoçuları 7 çəki dərəcəsində iştirak edəcəklər. Belə ki, kişilərin yarışında Hüseyn Rəhimli (81 kq), Rövşən Səfərov (90 kq), Kənan Abdullaxanlı (100 kq), İlham Zəkiyev (+100 kq), qadınların turnirində isə Xanım Hüseynova (63 kq), Zülfiyə Hüseynova (70 kq), Dürsədəf Kərimova (70 kq), Xatirə İsmiyeva (+70 kq) medallar uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, yarışın birinci günündə komandamız uğurla çıxış edərək 2 qızıl, 4 bürünc medal qazanıb. Qızıl medalları yığmamızın aktivinə Sevda Vəliyeva (57 kq) və Namiq Abbaslı (66 kq) yazdırıblar. Vüqar Şirinli (60 kq), Şəhanə Hacıyeva (48 kq), Bəsti Səfərova (52 kq) və Afaq Sultanova (57 kq) isə üçüncü yeri tutublar.
On səkkiz cüdoçumuzun mübarizə apardığı Qran-Pridə ümumilikdə 38 ölkədən 200 idmançı medallar uğrunda yarışır.
“IBSA Judo Grand-Prix Baku 2021” Qran-Prisi turniri Tokio Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırır.