BAKI ŞƏHƏR BAŞ POLİS İDARƏSİNDƏ ÖTƏN İLİN YEKUNLARI İLƏ BAĞLI ƏMƏLİYYAT MÜŞAVİRƏSİ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) keçirilən əməliyyat müşavirəsində ötən il görülən işlərin uğurlu olduğu, paytaxtda ictimai asayişin qorunması, vətəndaşların təhlükəsizliyinin təmini sahəsində qarşıya qoyulmuş vəzifələrin öhdəsindən gəlindiyi və hər bir tapşırığın bundan sonra da layiqincə yerinə yetiriləcəyi vurğulanmışdır.
Baş idarənin rəisi, general-leytenant Məhərrəm Əliyev cinayətkarlığa qarşı mübarizə, ictimai asayişin təmini sahəsində həyata keçirilmiş tədbirlərə və 2004-cü ilin yekunlarına həsr olunmuş məruzəsində bildirmişdir ki, ümummilli liderimiz Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə DİN və BBPİ paytaxtda ictimai-siyasi vəziyyətin sabitləşməsinə və əməliyyat-axtarış, istintaq, profilaktik tədbirlərin səmərəliliyinin artmasına nail olmuşlar. BŞBPİ-nin rəisi bildirmişdir ki, hesabat dövründə Bakı şəhərində əməliyyat şəraiti daim nəzarətdə saxlanılmış, kütləvi halda asayişin pozulmasına, təxribatların törədilməsinə yol verilməmişdir. Cinayətlərin qarşısının alınması üzrə görülmüş qabaqlayıcı tədbirlər ümumən səmərəli xarakter daşımış, cinayətkarlığın dinamikası müsbət proseslərlə müşayiət olunmuşdur. Belə ki, ilin yekunlarına görə paytaxtda qeydə alınmış ümumi cinayətlərin 93,2 faiz açılması təmin edilmiş, əvvəlki ilə nisbətən bu göstərici 3,4 faiz yaxşılaşmışdır. Ağır və xüsusilə ağır cinayətlərə qarşı kəskin və barışmaz mübarizə aparılmış, cinayətlərin açılması 87,6 faizdən 89,9 faizədək artmışdır.
Bakı şəhəri rayonlarının polis idarələrinin rəhbərləri və digər natiqlər uğurlardan, yol verilmiş nöqsanlardan və qarşıda duran vəzifələrdən danışmışlar.
Daxili işlər naziri general-polkovnik Ramil Usubov müşavirədə çıxış edərək baş idarənin ötənilki fəaliyyətini yüksək qiymətləndirmiş və söyləmişdir ki, Bakı şəhərində yerləşən bütün daxili işlər orqanları 2004-cü ildə paytaxtımızda asayişin nümunəvi qorunmasını, cinayətkarlığa qarşı uğurlu mübarizəni təmin etmişlər. Nazir vurğulamışdır ki, Prezident İlham Əliyevin daxili işlər orqanları qarşısında qoyduğu tələb və vəzifələr gələcək illərdə də yüksək səviyyədə yerinə yetiriləcək və paytaxt polisi Azərbaycan dövlətçiliyinin, suverenliyinin, qanunlarının keşiyində ayıq-sayıq dayanacaqdır.
Nazir Ramil Usubov vurğulamışdır ki, 2005-ci ildə şəxsi heyət arasında nizam-intizamın gücləndirilməsi, sosial müdafiənin daha da yaxşılaşdırılması, polisin peşəkar hazırlığının, ictimaiyyət, xalq arasında nüfuzunun yüksəldilməsi ilə bağlı konkret plan işlənib hazırlanmış və həyata keçirilməsi nəzarətə götürülmüşdür.