BAKI ŞƏHƏR İCRA HAKİMİYYƏTİ PAYTAXT SAKİNLƏRİNƏ MÜRACİƏT ETMİŞDİR
İctimai nəqliyyat sürücüləri və şəxsi avtomobil sahibləri idarə etdikləri nəqliyyat vasitələrini qış mövsümünə tam hazır vəziyyətdə saxlamalı və istifadə etməlidirlər. Qarlı günlərdə nasaz avtomobillərdən istifadə olunması xoşagəlməz hallara gətirib çıxara bilər. Avtomobil sahiblərindən xahiş olunur ki, nasaz nəqliyyat vasitəsilə yola çıxmasınlar və şəxsi avtomobillərindən mümkün qədər az istifadə etsinlər.
Müraciətdə deyilir ki, Bakı şəhərinin əlaqədar struktur və bölmələri, xüsusilə də mənzil-kommunal təsərrüfatı müəssisələri gücləndirilmiş iş rejiminə keçmişdir. Hazırda paytaxtda 150-yə yaxın müxtəlif növ texnika fəaliyyət göstərir, yolların və səkilərin qardan təmizlənməsi üçün aidiyyəti təşkilatlara konkret tapşırıqlar verilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti və onun struktur bölmələri bu günlərdə yarana biləcək hər hansı müvəqqəti problemləri aradan qaldırmağa hazırdır.
Sakinlərin nəzərinə çatdırılır ki, yaşadıqları və işlədikləri ərazilərdə yaranan hər hansı bir narahatçılığın operativ surətdə aradan qaldırılması üçün 492-67-63 və 465-02-07 nömrəli telefonlarla məlumat versinlər.