BAKI SLAVYAN UNİVERSİTETİ İLƏ BOLQARISTANIN TƏHSİL OCAQLARI ARASINDA ƏLAQƏLƏR GENİŞLƏNƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, ölkəmizdə səfərdə olan Bolqarıstanın Gənclər və İdman Dövlət Agentliyi sədrinin müavini Mixail Balabanov və onu müşayiət edən şəxslər iyunun 27-də Bakı Slavyan Universitetində (BSU) olmuşlar.
Təhsil ocağı haqqında qonaqlara məlumat verən BSU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor Kamal Abdullayev universitetdə həm bakalavr, həm də magistr pillələrində “Bolqar dili” və “Bolqarşünaslıq” ixtisası üzrə mütəxəssislər hazırlandığını diqqətə çatdırmışdır. Rektor Rusiyanın Moskva Dövlət Linqivistika Universitetində və Polşanın Varşava Universitetində “Azərbaycan dili” və “Azərbaycanşünaslıq” ixtisasının mövcudluğunu bildirərək, Bolqarıstanın Sofiya Universitetində də bu layihənin həyata keçiriləcəyinə ümidvar olduğunu vurğulamışdır.
Mixail Balabanov ölkələrimiz arasında daha sıx əlaqələrin qurulmasının əhəmiyyətindən danışmışdır.
Görüşdə Bolqarıstanın təhsil ocaqları ilə BSU arasında əlaqələrin yaradılması, bolqar dilinin universitetdə daha dərindən, geniş öyrənilməsi və tədrisi üçün tələbə-müəllim mübadiləsinin vacibliyi qeyd olunmuşdur.
Sonra qonaqlar BSU-nun bolqar dili və mədəniyyəti mərkəzində “Bolqarşünaslıq” ixtisası üzrə təhsil alan tələbələrlə görüşmüşlər.