ELM VƏ TƏHSİL
Bakı Slavyan Universitetində akademik Viktor Vinoqradovun linqvistik ideyalarından danışılıb
Bakı, 28 fevral, AZƏRTAC
Bakı Slavyan Universitetində (BSU) Rusiyanın tanınmış dilçi alimi, ədəbiyyatşünas, akademik Viktor Vinoqradovun 125 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
BSU-dan AZƏRTAC-a bildirilib ki, “V.V.Vinoqradovun linqvistik ideyaları” mövzusuna həsr edilmiş tədbir Rusiya Mədəniyyət və İnformasiya Mərkəzi, Azərbaycanda Rusdilli Tədris Müəssisələri Müəllimlərinin Assosiasiyası və bu ali məktəbin Filologiya və xarici dil müəllimliyi fakültəsinin birgə təşkilatçılığı ilə reallaşıb.
Tədbirdə fakültənin dekanı, dosent Gültəkin Əliyeva Viktor Vinoqradovun dilçilik elmi sahəsində misilsiz xidmətlərindən danışıb, bu istiqamətdə keçirilən tədbirin tələbə-gənclər üçün əhəmiyyətini qeyd edib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Leyla Vəzirova “V.V.Vinoqradovun həyat və yaradıcılığı”, BSU-nun Müasir rus dili kafedrasının müdiri, professor İlyas Həmidov “V.V.Vinoqradovun elmi irsi və müasirlik”, Ümumi dilçilik kafedrasının professoru Aslan Məmmədli “Rus dilinin frazeologiyasının aktual məsələləri”, Müasir rus dili kafedrasının professoru Lidiya Qranovskaya “Bədii nitqin stilistikası”, “Ölkə və xarici filologiyada müəllif obrazı” mövzularında məruzə ilə çıxış ediblər.
Tədbir Viktor Vinoqradovun elmi fəaliyyəti barədə diskussiya ilə davam edib.
Azərbaycanda Rusdilli Tədris Müəssisələri Müəllimlərinin Assosiasiyasının rəhbəri Lyubov Yakunina tədbirin təşkilini yüksək qiymətləndirib.