BAKI TOPLANTISI TÜRKDİLLİ ÖLKƏLƏRİN JURNALİSTLƏRİNİN BİRLƏŞMƏSİ ÜÇÜN ƏLAQƏLƏNDİRİCİ VƏSİLƏDİR
Türkdilli Ölkələrin Xəbər Agentlikləri Birliyi (TKA) Baş Məclisinin Bakıda keçirilən VII iclasında türkdilli ölkələr arasında informasiya mübadiləsi, əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunur.
Bunu AZƏRTAC-ın müxbirinə müsahibəsində Qazaxıstan İnformasiya Agentliyinin - Kazinformun direktoru Dauren Diarov bildirmişdir. Qonaq vurğulamışdır ki, TKA Baş Məclisinin VII iclası türk dünyasının böyük oğlu Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuşdur.
Qazaxıstanlı qonaq demişdir: “Biz ümumi təmas nöqtələri tapmalıyıq, bizi çox şey birləşdirir. Tariximiz, mədəniyyətimiz ümumi olsa da, ayrı-ayrı ölkələrdə yaşayırıq. Bu gün biz birləşməyə çalışırıq. AZƏRTAC-dan olan dostlarımız sayəsində türkdilli ölkələrin birləşməsi işində irəliyə doğru iri addım atacağıq”.
######
