Bakı və Sumqayıtda attestasiya proqramı çərçivəsində görüşlər davam edir




Bakı, 23 may, AZƏRTAC
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı ilə Bakı şəhər Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik musiqi məktəbində və Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzində Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərinin xalq çalğı alətləri (tar, kamança, qarmon, nağara, qanun, saz, balaban) və xanəndəlik ixtisasları üzrə təhsilverənləri üçün attestasiya proqramının daha geniş izah edilməsi və sualların cavablandırılması məqsədilə növbəti görüş keçirilib.
Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, sözügedən görüşlərdə 600-ə yaxın müəllim iştirak edib və peşəkar mütəxəssislər tərəfindən qeyd olunan ixtisaslar üzrə musiqi əsərlərinin təhlili, ifası, qammalar, həmçinin musiqi nəzəriyyəsi ixtisası üzrə nəzəri və təcrübi biliklər, musiqi ədəbiyyatı, üzdənoxu və dinləmə materiallarına dair diqqət edilməli məqamlar müzakirə edilib, auditoriyanı maraqlandıran suallar ekspertlər tərəfindən cavablandırılıb.
Bu cür maarifləndirici görüşlərin ölkənin digər regionlarında da davamlı olaraq təşkili nəzərdə tutulur.