Bakı Xoreoqrafiya Akademiyasında narkomaniyanın törətdiyi faciələrdən söhbət açılıb
Bakı, 10 fevral, AZƏRTAC
Fevralın 10-da Nəsimi Rayon Polis İdarəsinin təşkilatçılığı ilə Bakı Xoreoqrafiya Akademiyasında “Narkomaniyaya yox deyək”, “Erkən nikah və onun fəsadları” və “Uşaqlar və yol hərəkəti təhlükəsizliyi” mövzularında maarifləndirici tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Tədbirdə Bakı Xoreoqrafiya Akademiyasının tam orta təhsil pilləsinin müəllim-şagird heyəti, akademiyanın İncəsənət fakültəsinin, eləcə də, orta ixtisas təhsili pilləsinin müəllimləri, İdarənin rəisi, polis polkovniki Mirnemət Mirbabayev və əməkdaşları iştirak ediblər.
Tədbirdə narkomaniyanın törətdiyi faciələr, cəmiyyətə vurduğu zərər barədə ətraflı məlumat verilib. Narkotik vasitələrlə mübarizə sahəsində Azərbaycanda aparılan işlər barədə söhbət açılıb, polis əməkdaşları tərəfindən görülən məqsədyönlü tədbirlər, onların nəticələri vurğulanıb.
Eyni zamanda, DİN-in əməkdaşları tərəfindən yol hərəkəti qaydalarına düzgün riayət olunması haqqında tövsiyələr, erkən nikaha daxil olmanın cəmiyyətdə yaratdığı fəsadlar barədə söhbət aparılıb.
Sonda Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.