MƏDƏNİYYƏT
Bakıda Aleksandrinski Teatrının “Böyük qastrolları”na start verilib
Bakı, 20 sentyabr, AZƏRTAC
Sentyabrın 19-dan 20-dək Bakıda Rusiya Milli Dram Teatrının (Aleksandrinski Teatrı) “Böyük qastrollar”ı keçirilir. İki gün ərzində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində tamaşaçılara Nikolay Qoqolun eyniadlı pyesi əsasında hazırlanmış “Evlənmə” tamaşası təqdim olunacaq.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə, cümə axşamı ilk nümayiş başlamazdan əvvəl mətbuat konfransı keçirilib.
Azərbaycan Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə Aleksandrinski Teatrının rəhbərliyinə təşəkkür edib. O, iki ölkənin teatrları arasında əməkdaşlığın böyük önəmini qeyd edib.
“Sentyabrın əvvəlində Aleksandrinski Teatrının səhnəsində teatrımızın repertuarından Hüseyn Cavidin faciəsi əsasında hazırlanmış “İblis və...” tamaşası nümayiş etdirildi. Bizi həyəcanlı və isti hisslər bürüdü. Düşünürəm ki, biz bu hissləri “Evlənmə” tamaşasına baxdıqdan sonra yaşayacağıq”, - deyə Azərbaycan teatrının bədii rəhbəri qeyd edib.
Aleksandrinski Teatrının direktoru Aleksandr Maliç Bakıda olmasından məmnunluğunu bildirib. O, Aleksandrinski Teatrının səhnəsində Hüseyn Cavidin faciəsi əsasında “Aleksandrinski” Beynəlxalq Teatr Festivalı çərçivəsində nümayiş olunan “İblis və...” tamaşasının Peterburq sakinləri tərəfindən rəğbətlə qarşılandığını vurğulayıb: “Tamaşanın Azərbaycan dilində olmasına baxmayaraq, zal çox diqqətlə dinləyirdi. Tamaşaçılar səhnədə baş verənləri çox diqqətlə izləyirdilər. Mədəniyyətin tərcüməyə ehtiyacı yoxdur. Tamaşanın çətin olmasına baxmayaraq, hər şey sözsüz aydın idi”.
Aleksandr Maliç Azərbaycan tamaşaçıları tərəfindən səmimi qarşılanacağına və eyni zamanda, bu iki günün Azərbaycan tamaşaçılarına sevincli anlar yaşadacağına ümid etdiyini bildirib. O, belə əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd edib.
Aleksandrinski Teatrının bədii rəhbəri Nikita Kobelev “Evlənmə” tamaşasının Bakıda nümayiş etdirilmək üçün seçilməsindən danışıb: “Bu, Aleksandrinski Teatrının ən titullu tamaşalarından biridir. O, müxtəlif ölkələrdə nümayiş olunub. Bu tamaşa Sankt-Peterburqun ruhunu çatdırır - həm soyuq, həm istilik, həm kədər, həm də sevinc. Mənə elə gəlir ki, belə bir traktovka Bakı tamaşaçısında maraq doğuracaq”.
O, bu yaxınlarda Aleksandrinski teatrının səhnəsində “İblis və...” tamaşasının nümayişinə də toxundu: “Biz Azərbaycan teatr mədəniyyətini daha yaxından tanıya bildik. Aktyorlar isə cənub ölkəsinin ehtirasını rəng çaşqınlığı ilə çatdırdılar ki, bu da tamaşaçılarımızı çox təsirləndirdi və məmnun etdi”.
“Roskonsert”in nümayəndəsi, “Böyük qastrollar” proqramının təşkilatçısı Yuliya Zaytseva mədəni əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd edib və ümidvar olduğunu bildirib ki, gələn il Rusiyanın digər teatrları da Azərbaycanda tamaşalar nümayiş etdirə biləcəklər.