Bakıda “Almanax” kitabının təqdimatı olub
Bakı, 28 fevral, AZƏRTAC
Bakıdakı Rus evində “Sodrujestvo” ədəbi birliyinin “Almanax” kitabının təqdimatı olub. Yenicə çapdan çıxmış bu nəşrin publisistika, nəsr və poeziya bölmələrində bir çox müəllifin əsərləri yer alıb.
Rus İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətində AZƏRTAC-a bildiriblər ki, təqdimat mərasimini Azərbaycanın Rusdilli Təhsil Müəssisələri Assosiasiyasının sədri Lyubov Yakunina açıb.
“Sodrujestvo” Azərbaycan Xalqlarının Həmrəyliyi İctimai Birliyinin sədri Tatyana Kərimova tədbir iştirakçılarını salamlayaraq, birliyin fəaliyyəti və inkişaf perspektivləri haqqında məlumat verib.
Müəllifi olduğu və Puşkinə həsr etdiyi poemadan parçalar və aktual problemlərdən bəhs edən şeirini söyləyən Elberd Tuqanov, mərhum yepiskop Aleksandrın Azərbaycanın mənəvi həyatına töhfəsindən bəhs edən jurnalist, “Qızıl qələm” mükafatı laureatı Aleksandr Kostin, Vətənə məhəbbət mövzusunu qələmə alan tarixçi Tamilla Xəlilova kitab haqqında fikirlərini bölüşüblər. Sonra şair Fikrət Kazımov Azərbaycana həsr etdiyi şeiri oxuyub. Şairə və psixoloq Svetlana Xalıqova isə yetirmələrinin taleyini öz əsərlərində necə əks etdirdiyini açıqlayıb. Sonda çıxış edən musiqiçi və şairə Nataliya Turovskaya Bakı və bakılılar haqqında hekayələrdə öz həmyerlilərini tərənnüm etməsindən bəhs edib.
“Sodrujestvo” ədəbi birliyinin sədri Paşa Yusupov təqdimata yekun vurub.