BAKIDA “AZƏRBAYCAN RESPUBLİKASINDA MULTİMODAL DAŞIMALAR” MÖVZUSUNDA BEYNƏLXALQ SEMİNAR KEÇİRİLİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 10-da Nəqliyyat Nazirliyində İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT), İslam İnkişaf Bankı, Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransı (UNCTAD) və BMT-nin Asiya və Sakit Okean ölkələri üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) birgə layihəsi çərçivəsində “Azərbaycan Respublikasında multimodal daşımalar” mövzusunda iki gün davam edəcək beynəlxalq seminar öz işinə başlamışdır.
Nəqliyyat Nazirliyinin nəqliyyat siyasəti və iqtisadiyyat şöbəsinin müdiri Sədrəddin Məmmədov tədbiri açaraq bildirmişdir ki, seminarda beynəlxalq multimodal daşımalarda iştirak edən Azərbaycanın nəqliyyat növlərinin mövcud durumu, dünya nəqliyyat sisteminə inteqrasiya olunması ilə əlaqədar müzakirələr aparılacaqdır. Tədbirdə, həmçinin Trans-Avropa və Trans-Asiya dəmir yolu və Asiya avtomobil yolları şəbəkəsində tranzit daşımalarda yarana biləcək maneələrin araşdırılması və aradan qaldırılması, ekspeditorların və operatorların fəaliyyətinin optimallaşdırılması və mövzu ilə bağlı digər məsələlər müzakirə ediləcək, beynəlxalq ekspertlərin mühazirələri dinləniləcəkdir.
Seminarın işində UNCTAD-ın koordinatoru Şam Batica, Beynəlxalq Multimodal Nəqliyyat Assosiasiyasının (İMMTA) prezidenti xanım Mahin Faqfuri, İƏT-in nəqliyyat və kommunikasiyalar üzrə direktoru Məhəmməd Mirzai Kahaq, Azərbaycanın əlaqədar dövlət qurumlarının və özəl nəqliyyat şirkətlərinin nümayəndələri iştirak edirlər.
Səkkiz bölmə üzrə keçirilən seminarda ölkə daxilində nəqliyyatın statusu, tranzit dəhlizlər, malların təhlili, ölkədə multimodal nəqliyyat xidmətlərinin statusu, konteynerləşdirmənin və gömrüyün icmalı, tranzit nəqliyyat və ticarətin sadələşdirilməsi mövzuları müzakirə edilərək müvafiq tövsiyələr hazırlanacaqdır.
Seminarın sonunda iştirakçılara müvafiq beynəlxalq sertifikatlar təqdim ediləcəkdir.
Seminarda çıxış edən İƏT-in nəqliyyat və kommunikasiyalar üzrə direktoru M.M.Kahaq, UNCTAD-ın koordinatoru Ş.Batica, İMMTA-nın prezidenti xanım M. Faqfouri bildirmişlər ki, tranzit yükdaşımalarda sadələşmiş və rahat sistemə malik olmaq üçün Azərbaycanın potensialı çox yüksəkdir. Azərbaycan bu gün dinamik inkişafı ilə bütün dünyanın diqqətini cəlb etmişdir. Tranzit daşımalar günbəgün artır, regional saziş və təşəbbüslər inkişaf dövrünü yaşayır. Belə bir şəraitdə keçirilən seminarın məqsədi multimodal daşımalarda iştirak edən qurumların bir araya gətirilməsi, mövcud problemlərin həlli yollarının araşdırılması, aparılacaq məsləhətləşmələrdən milli strategiyanın hazırlanması üçün istifadə edilməsi və gələcək inkişafın istiqamətlərinin müəyyənləşdirilməsidir.
Beynəlxalq seminar sentyabrın 11-də başa çatacaqdır.