BAKIDA BEYNƏLXALQ EKOLOGİYA SEMİNARI KEÇİRİLMİŞDİR
Seminar iştirakçıları əvvəlcə Fəxri xiyabana gedərək, ümummilli liderimiz, Prezident Heydər Əliyevin xatirəsini böyük ehtiramla anmış, məzarı önünə tər gül dəstələri qoymuşlar. Qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üstünə güllər düzmüşlər.
Daha sonra qonaqlar Şəhidlər xiyabanını ziyarət edərək, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş cəsur Vətən övladlarının xatirəsini anmış, məzarları üstünə tər çiçəklər qoymuşlar.
Nazir Hüseynqulu Bağırov tədbirin açılışında çıxış edərək, Almaniyanın Mixael Zukkov Fondu ilə əməkdaşlıq haqqında saziş imzalanandan bəri təbiəti mühafizə sahəsində alman və Azərbaycan ekoloqları arasında yaranmış münasibətləri nadir əlaqələr adlandırmışdır. Saziş çərçivəsində YUNESKO ilə birlikdə milli parklar şəbəkəsinin yaradılmasına yönəldilmiş təbiəti mühafizə layihələri reallaşdırılmışdır. Hazırda ölkədə altı milli parklar yaradılmış, daha iki park layihəsinin həyata keçirilməsinə başlanmışdır. Yeri gəlmişkən, Almaniya hökuməti Yalama-Samur Milli Parkının yaradılmasına 2,5 milyon avro ayırmışdır.
Almaniya nümayəndə heyətinin başçısı xanım Kluq Azərbaycan rəhbərliyinin biomüxtəlifliyin qorunmasına qayğı göstərməsini yüksək qiymətləndirmişdir. Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Məsələləri Nazirliyinin həyata keçirdiyi “Qafqaz təşəbbüsü” layihəsinə, habelə Cənubi Qafqazda təbiəti mühafizə layihələrinə ölkəsinin xüsusi diqqət yetirdiyini qeyd edən dövlət katibi bildirmişdir ki, yaxın vaxtlarda – Almaniyanın Avropa İttifaqına sədrliyi dövründə biomüxtəlifliyin saxlanılması problemlərinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcəkdir. Xanım Kluq vurğulamışdır ki, Azərbaycanda ictimaiyyət ekoloji xarakterli məsələləri hərtərəfli dəstəkləyir.
Professor Mixael Zukkov Azərbaycan ekoloqları ilə birgə layihələr haqqında seminar iştirakçılarına məlumat verərək qeyd etmişdir ki, ölkəmizin təbiəti bir çox göstəricilər üzrə bənzərsizdir. Alim etiraf etmişdir ki, Azərbaycan milli parklarının bəzilərində öz ilkinliyini qoruyub saxlayan meşələrə, habelə nadir flora və fauna növlərinə Avropada rast gəlməzsən. Azərbaycan rəhbərliyinin xüsusi mühafizə olunan ərazilərin sahəsini genişləndirərək, ölkə ərazisinin 11 faizinə çatdırmaq təşəbbüsü ən yüksək tərifə layiqdir və bunun Avropada analoqu yoxdur. M.Zukkov Şirvan qoruğunda ceyranların sayının artırılmasına yönəldilmiş birgə layihənin icrasına başlamaq təklifini irəli sürmüşdür.
Seminarda Azərbaycanda ekoloji turizmin inkişafı, su-bataqlıq ərazilərin mühafizəsi perspektivlərinə həsr olunmuş məruzələr dinlənilmişdir.