BAKIDA BEYNƏLXALQ NEFT-QAZ KONFRANSI İŞƏ BAŞLAMIŞDIR
Forumun təşkilatçısı olan Britaniyanın İTE Group şirkətinin baş məsləhətçisi Andryu Vud konfransda təbrik sözü söylədi.
Sənaye və energetika naziri Natiq Əliyev çıxışında ölkəmizin karbohidrogen potensialından danışaraq dedi ki, qarşıdakı iki ildə Azərbaycan karbohidorgenlərin neft-qaz ixracçısına çevriləcəkdir. 2008-ci ildə Azərbaycan buraxılış qabiliyyəti ildə 50 milyon ton olan Bakı-Tbilisi-Ceyhan neft kəmərini tamamilə doldura biləcəkdir. Bundan başqa, tarixdə ilk dəfə olaraq, 2006-cı ildə biz təbii qaz ixracına başlayacağıq.
ARDNŞ-in prezidenti Rövnəq Abdullayev bildirdi ki, Azərbaycan tarixinin taleyüklü məqamlarından birini yaşayır – ümummilli lider Heydər Əliyevin dövlətimizin başçısı İlham Əliyev tərəfindən inamla davam etdirilən müdrik neft strategiyası sanballı bəhrəsini verir. 1994-cü ilin sentyabrında Bakıda imzalanmış “Əsrin müqaviləsi” hazırda dünya iqtisadiyyatı üçün enerji daşıyıcılarının mühüm təchizatçısı kimi çıxış edən Azərbaycanın iqtisadi inkişafında yeni dövr açmışdır. Ümumən, bu dövrdə ölkənin neft-qaz infrasturkturuna təqribən 20 milyon dollar sərmayə qoyulmuşdur. Hazırda Azərbaycanda 15 ölkənin 33 neft-qaz şirkəti təmsil olunmuşdur. Bu şirkətlərdə xarici mütəxəssislərlə yanaşı, həmvətənlərimiz də çalışırlar. 2010-cu ildə ölkədə 65 milyon ton neft çıxarılacaqdır.
ARDNŞ-in rəhbəri Abşeronda neft hasilatının və nəqlinin zəngin ənənələrindən danışaraq, Azərbaycanın neft sənayesinin intensivləşdirilməsinə təkan vermiş mühüm tarixi hadisələri xatırladı. XX əsrin başlanğıcı Bakı-Batumi neft kəmərinin istismara verilməsi ilə əlamətdar olmuşdur. Azərbaycan nefti bu kəmərlə Qara dəniz sahilinə nəql edilirdi. XXI əsrin başlanğıcı isə tarixə Xəzərin Azərbaycan sektorunda qlobal enerji layihələrinin həyata keçirilməsi və Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin işə salınması dövrü kimi daxil olacaqdır.
R.Abdullayev yaxın illərin öncül istiqamətləri sırasında “Qarabağ” yatağının işlənilməsini xatırlatmışdır. “Şahdəniz” yatağından qazın ixrac olunacağı Bakı-Tbilisi-Ərzurum boru kəmərinin tikintisi də başa çatmaq üzrədir. Hesablamalara görə, bu il sentyabrın 30-da Azərbaycan qazı Türkiyə istehlakçılarına çatacaqdır.
ARDNŞ-də struktur dəyişiklikləri davam etdirilir, yeni idarələr, o cümlədən təhlükəsizlik və sosial inkişaf idarələri yaradılmışdır. Kadrların peşə səviyyəsinin artırılmasına böyük diqqət yetirilir. ARDNŞ ölkədə sosial proqramların həyata keçirilməsində yaxından iştirak edir. Bir sıra bölgələrdə neft şirkətinin vəsaiti hesabına tikilən müalicə-diaqnostika mərkəzləri yaxın vaxtlarda istifadəyə veriləcəkdir.
Konfransda ABƏŞ-in prezidenti Devid Vudvord, bir sıra xarici neft şirkətlərinin rəhbərləri, Qazaxıstan və Türkiyənin müxtəlif nazirliklərinin nümayəndələri də çıxış etdilər.
İsrailin milli infrastruktur naziri Benyamin Ben-Eliezer dedi ki, Azərbaycan neftinin Gürcüstan, Türkiyə və Aralıq dənizi vasitəsilə daşınması sisteminin yaradılması İsrailin də yanacağa olan ehtiyacını ödəməyə imkan verəcəkdir. Eyni zamanda, bu, Azərbaycan neftinin Şərqə - Çinə və digər ölkələrə göndərilməsinə də şərait yaradacaqdır.
Ukraynanın “Ukrtransnafta” şirkətinin başçısı Aleksandr Togeçuk konfrans iştirakçılarına Avropa İttifaqının Xəzər neftinin Brodı-Qdansk marşrutu ilə nəqli və bu neftin Ukrayna, Polşa, Almaniya və Baltik dənizi regionunda satışı layihəsinin biznes-planını təqdim etdi.
Böyük Britaniyanın Ticarət və sənaye departamenti konfrans çərçivəsində sərmayə qoyuluşunun müxtəlif cəhətlərinə həsr olunmuş “dəyirmi masa” təşkil etmişdir.
Konfrans iyunun 8-də başa çatacaqdır.