BAKIDA CÜDO ÜZRƏ DÜNYA KUBOKU YARIŞLARI BAŞLANMIŞDIR
Açılış mərasimində ulu öndər Heydər Əliyevin idmanın inkişafına göstərdiyi qayğıdan, habelə dünyada cüdonun inkişafı tarixindən bəhs edən qısametrajlı film nümayiş etdirilmişdir.
Gənclər və idman naziri Azad Rəhimov və Azərbaycan Cüdo Federasiyasının prezidenti, əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov ölkəmizdə son zamanlar idmanın bütün növlərinin, o cümlədən, cüdonun sürətlə inkişafından, idmançılarımızın beynəlxalq yarışlarda qazandığı uğurlardan danışmış, Prezident İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğını xüsusi vurğulamışlar. Avropa Cüdo İttifaqının idman direktoru Densayn Vayt yarışın yüksək səviyyədə təşkilindən məmnunluğunu bildirmişdir.
Azərbaycanın Dövlət himni səsləndirildikdən sonra, yarışlar açıq elan olunmuşdur. Birinci gün qızlar arasında dörd, oğlanlar arasında isə üç çəki dərəcəsi üzrə qaliblər müəyyənləşmişdir.
Yarışın nəticələrinə görə, Şensoy Yıldız (48 kq, Türkiyə), Samat Aynur (52 kq, Türkiyə), Kifayət Qasımova (57 kq, Azərbaycan), Ester Mirabo (63 kq, Norveç) qadınlar arasında fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.
Kişilərin mübarizəsində isə Vaxtangi Xositaşvili (60 kq, Gürcüstan), Ramil Qasımov (66 kq, Azərbaycan) və Elməddin Əhmədov (73 kq, Azərbaycan) dünya kubokuna sahib olmuşlar.
Avqustun 27-də daha 7 çəki dərəcəsi üzrə qaliblər müəyyən ediləcəkdir.