Bakıda “Əliyev qiraətləri” çərçivəsində beynəlxalq konfrans keçirilir
Bakı, 4 iyun, AZƏRTAC
İyunun 4-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilən “Mədəniyyətlərin müxtəlifliyi şəraitində dialoq fəlsəfəsi” mövzusunda dördüncü beynəlxalq elmi konfrans işə başlayıb.
AZƏRTAC xəbər verir ki, ənənəvi “Əliyev qiraətləri” çərçivəsində təşkil olunan tədbirin iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq -alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Rusiyanın tanınmış filosoflarının iştirak etdikləri tədbirdə AMEA Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə ənənəvi konfransın ilk dəfə 10 il bundan əvvəl Moskvada ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunduğunu bildirib. Multikulturalizmin dövlət siyasətinə çevrilməsinin Ulu Öndərin adı ilə bağlı olduğunu deyən alim vurğulayıb ki, dahi liderin zəngin irsi dünya filosoflarını bir araya gətirir.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli ümummilli lider Heydər Əliyevin multikulturalizm və tolerantlıq ideologiyasının öyrənilməsi və təbliği baxımından beynəlxalq konfransın Bakıda keçirilməsinin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, Azərbaycandakı tolerantlıq və multikulturalizm modeli indiki gərgin dünyada digər ölkələr üçün nümunədir.
Ulu öndər Heydər Əliyevin Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyədə inkişafı üçün atdığı addımlardan danışan alim diqqətə çatdırıb ki, Ümummilli Liderin azərbaycançılıq məfkurəsinin fəlsəfi, siyasi mənası olduqca dərindir.
Azərbaycanda tarixən müxtəlif millətlər arasında dostluq münasibətlərinin, sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun olduğunu deyən AMEA-nın vitse-prezidenti ölkəmizdə çoxəsrlik ənənələrə malik tolerantlıq mühitinin, müxtəlif dinlər və irqlər arasında qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlərin hökm sürdüyünü bildirib. Vurğulanıb ki, müasir müstəqil Azərbaycan dövlətinin ideya əsaslarını azərbaycançılıq ideologiyası təşkil edir.
Akademik İ.Həbibbəyli diqqətə çatdırıb ki, əsası Ümummilli Lider tərəfindən qoyulmuş multikulturalizm siyasəti müasir dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir.
Rusiya Elmlər Аkademiyası Fəlsəfə İnstitutunun elmi rəhbəri, akademik Əbdülsalam Hüseynov, Rusiya Fəlsəfə Cəmiyyətinin vitse-prezidenti, professor Aleksandr Çumakov çıxış edərək mədəniyyətlərin dialoqunda fəlsəfənin xüsusi rolunu vurğulayıblar. Bildirilib ki, mədəniyyətlərin dialoq rejimində qarşılıqlı təsirinin özü müəyyən mənada fəlsəfi məsələdir. Fəlsəfə özünün universal prinsipləri sayəsində mədəniyyətlərarası dialoq üçün intellektual zəmin yaradır.
Sonra “Qlobal dünyanın dəyər və etik tərkibi”, “Mədəniyyətlərarası dialoq: fəlsəfi ənənələr və müasirlik”, “Mədəniyyət fenomeni”, “XXI əsrin etnomilli və dini tarixi ümumvəhdət fəlsəfəsi işığında”, “Qloballaşan dünyada fəlsəfə zəkası”, “Azərbaycan-Rusiya: koevalüsyon refleksiv-aktiv mühitin formalaşması imkanları”, “Mədəniyyətlərin dialoqunun mədəniyyəti” və “Fəlsəfə tarixinin fəlsəfəsi” mövzularında məruzələr dinlənilib, müzakirələr aparılıb.
Məruzələrdə ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideyası, Azərbaycanda multikulturalizm və tolerantlıq, qloballaşma dövründə mədəniyyətlərin müxtəlifliyi, mədəniyyətlərarası dialoqda fəlsəfənin rolu kimi məsələlər əksini tapıb.
Konfrans iyunun 5-də yekunlaşacaq.