İDMAN
Bakıda idman kapoeyrası üzrə dünya çempionatının açılış mərasimi olub
Bakı, 12 may, AZƏRTAC
Mayın 12-də Bakı İdman Sarayında idman kapoeyrası üzrə dünya çempionatının açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, açılış mərasimi bədii hissə ilə başlayıb.
Gənclər və İdman Nazirliyinin şöbə müdiri Fərid Mansurov mərasimdə çıxış edərək kapoeyra üzrə dünya çempionatının Bakıda keçirilməsinin Azərbaycanda idmanın inkişafının daha bir göstəricisi olduğunu vurğulayıb. F.Mansurov bildirib ki, 2007-ci ildə fəaliyyətə başlayan Azərbaycan Kapoeyra Federasiyası idmanın bu növünün sürətli inkişafı və təbliği istiqamətində fəal iş aparır.
Nazirliyin şöbə müdiri diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə idmanın inkişafına və idmançılara yüksək diqqət və qayğı göstərir. Məhz bu diqqət və qayğının nəticəsidir ki, idmançılarımızın beynəlxalq arenada qazandıqları nailiyyətlərin sayı ildən-ilə artmaqla yanaşı, dünyada idman ölkəsi kimi tanınan Azərbaycan istənilən mötəbər tədbirə uğurla ev sahibliyi edir.
Ümumdünya Kapoeyra Federasiyasının prezidenti Paulo Sales Neto dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana minnətdarlığını bildirib. O, idmanın bu növünün Azərbaycanda sürətlə inkişaf etməsindən məmnunluğunu diqqətə çatdırıb. Federasiya prezidenti çempionatda ədalətli idman mübarizəsinin aparıldığını vurğulayaraq, iştirakçılara uğurlar arzulayıb.
Açılış mərasimində Paulo Sales Neto Azərbaycanda kapoeyranın inkişafına göstərdiyi dəstəyə görə Fərid Mansurova fəxri diplom təqdim edib.