BAKIDA İQTİSADİ ƏMƏKDAŞLIQ TƏŞKİLATININ TURİZM ÜZRƏ YÜKSƏK VƏZİFƏLİ EKSPERT QRUPUNUN İKİNCİ İCLASI KEÇİRİLİR
AZƏRTAC xəbər verir ki, iyunun 11-də “Avropa” mehmanxanasında İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) turizm üzrə yüksək vəzifəli ekspert qrupunun ikinci iclası işə başlamışdır.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Turizm İdarəsinin rəisi Aydın İsmiyev iclası açaraq tədbirin əhəmiyyətindən danışaraq əsas məqsəd İƏT-ə üzv olan ölkələrdə turizm potensialının inkişaf etdirilməsi sahəsində əməkdaşlığı genişləndirmək olduğunu bildirmişdir.
İƏT-in baş katibinin müavini Mustafa Demirzen çıxış edərək müasir dövrdə dövlət büdcəsinə gəlirlərin artırılmasında, əhalinin iqtisadi-sosial durumunun yaxşılaşdırılmasında və yaşayış səviyyəsinin yüksəldilməsində, yoxsulluğun aradan qaldırılmasında turizm faktorunun vacibliyini vurğulamışdır.
İclasda Azərbaycanın turizm potensialına həsr olunmuş təqdimat olmuşdur.
Bildirilmişdir ki, Azərbaycan tarix boyu beynəlxalq əlaqələr və ticarətdə, ölkələr arasında milli dəyərlərin mübadiləsində mühüm rol oynamışdır. Ölkəmizin əlverişli coğrafi mövqedə yerləşməsi, qədim tarixi, abidələri, zəngin mədəniyyəti burada turizmin inkişaf etdirilməsinə münbit zəmin yaradır.
İclasda İƏT ölkələri arasında turizm sahəsində əməkdaşlıq, mədəni turizm marşrutlarının yaradılması və turizm məhsulunun qarşılıqlı təşviq olunması, İƏT-ə üzv olan dövlətlərə turist axınının artırılması, investisya imkanları, turizm bazarının öyrənilməsi, İƏT-in bələdçi kitabının hazırlanması və turizm təşviqi üzrə fondunun yaradılması imkanları müzakirə olunmuşdur.
İclasa iyunun 12-də yekun vurulacaqdır.
######
