BAKIDA KEÇİRİLƏCƏK AVROPA ÇEMPİONATI BODİBİLDİNQİN İNKİŞAFINDA YENİ MƏRHƏLƏNİN BAŞLANĞICI OLACAQ
AZƏRTAC xəbər verir ki, Bakıda bodibildinq, klassik bodibildinq və qarışıq cütlüklər üzrə qitə çempionatı ilə yanaşı, Avropa Bodibildinq və Fitness Federasiyasının Konqresinə hazırlığın gedişi ilə bağlı mayın 4-də “Park İnn - Azərbaycan” mehmanxanasında mətbuat konfransı keçirilmişdir.
Beynəlxalq (İFBB) və Avropa (EBFF) Bodibildinq və Fitness Federasiyalarının prezidenti Rafael Santoxa yarışın keçirilməsi üçün yaratdığı şəraitə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirərək, bu gün Azərbaycanda idmana göstərilən diqqət və qayğının şahidi olduğunu söyləmişdir.
1946-cı ildə təşkil olunmuş və özündə 176 federasiyanı birləşdirən İFBB-də Azərbaycan Bodibildinq və Fitness Federasiyasının (ABFF) xüsusi çəkisi olduğu vurğulanmışdır.
Rafael Santoxa demişdir: “Avropa çempionatını təşkil etmək üçün müxtəlif ölkələr iddialı idi. Lakin ötən il keçirilən Konqresdə texniki imkanlarını və beynəlxalq yarış təcrübəsini nəzərə alaraq qitə çempionatını Bakıda keçirməyi qərara aldıq. Əgər Azərbaycan 2016-cı ildə Olimpiya Oyunlarını təşkil etmək üçün namizədliyini irəli sürürsə, deməli, ölkənizdə istənilən səviyyəli yarışlar keçirilə bilər. Dövlət idmanın inkişafına hər cür qayğı göstərir. Bu mənada gələcəkdə dünya çempionatının Bakıda keçirilməsi də mümkündür”.
Bakıya Avropanın ən güclü bodibildinqçilərinin toplaşdığını deyən R.Santoxa, qitə çempionatının telekanallar vasitəsilə 60-dan çox ölkənin ərazisinə yayımlanmasının nəzərdə tutulduğunu diqqətə çatdırmışdır.
R.Santoxa bildirmişdir ki, Bakı Avropa çempionatı çərçivəsində keçirilən klassik bodibildinqin müstəqil idman növü kimi inkişafında son sınaq olacaqdır. Məhz Azərbaycan paytaxtında keçiriləcək Avropa çempionatından sonra Braziliyada klassik bodibildinq üzrə dünya çempionatı keçiriləcəkdir.
ABFF prezidenti Rauf Bünyadəliyev Azərbaycanda idmanın inkişafının əyani sübutu kimi artıq 2-ci dəfə Bakının bodibildinq üzrə Avropa çempionatına ev sahibliyi etdiyini xatırlatmışdır. O demişdir ki, qitə çempionatı ilə bərabər EBFF-nin Konqresinin də Bakıda keçirilməsi beynəlxalq qurumun Azərbaycana inamının göstəricisidir. Konqresdə bodibildinqin inkişafı ilə bağlı bir sıra vacib məsələlərin həllinə nail olunacaqdır.