BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 9-da Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir.
Nəsimi rayonunda yerləşən “Təzə bazar” MMC-nin həyətindəki yarmarkada satışa Sabirabad, Hacıqabul, Gədəbəy, Salyan və Tovuz rayonlarından gətirilmiş müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları çıxarılmışdı. Şəhər sakinləri - evdar qadınlar Təranə Cəfərova, Sabirə Babayeva, pensiyaçı Səftər Əliyev və başqaları təzə, keyfiyyətli məhsulları həvəslə alır, qiymətlərin bazarlardan xeyli ucuz olduğuna görə fermerlərə minnətdarlıq edirdilər. Burada kələmin kiloqramı 25-30, pomidor 20-25, xiyar 20-30, baş soğan 30-40, lobya 40, çuğundur 40-50, kartof 40-45 qəpiyə, alma 60 qəpiyə - 1 manata, armud 80 qəpiyə - 1 manata, və s. satılırdı.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Qəmbərovun sözlərinə görə, bazar günu burada əhaliyə 6,2 ton məhsul, o cümlədən 2 ton ət, 0,2 ton süd, 1 ton meyvə, 1 ton bostan məhsulları, 1,5 ton tərəvəz, 0,5 ton kartof, 10 min ədəd yumurta satılmışdır.
Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkada Qobustanlı fermer Vaqif Ağayevin yarmarkaya gətirdiyi təzə mal və qoyun əti daha həvəslə alınırdı. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov bildirir ki, Balakən, Samux, Qobustan və digər rayonlardan yarmarkaya 4 tondan çox meyvə-tərəvəz və ət məhsulları gətirilmişdir. Burada bütün qiymətlər bazardakından 20-30 faiz ucuz idi.
Xətai rayonunda təşkil olunmuş iki yarmarkada Salyan, Sabirabad, Kürdəmir, Quba, Şəmkir, Ağstafa, Ucar, Ağcabədi, Qax, Biləsuvar və Qəbələ rayonlarının fermerləri şəhər sakinlərinə müxtəlif çeşiddə meyvə-tərəvəz, bostan məhsulları təklif edirdilər. Kənd Təsərrüfatı Nazirliyinin, Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri tərəfindən yarmarkada qiymətlərə və məhsulların keyfiyyətinə ciddi nəzarət olunurdu. İşçi qrupunun qərargahından verilən məlumata görə, iki gün ərzində bu yarmarkalarda 26 çeşiddə 249 tondan çox məhsul satılmışdır.