BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
![]() |
![]() |
Nəsimi rayonunda yerləşən “Təzə bazar” MMC-nin həyətindəki yarmarkada Sabirabad, Salyan, Hacıqabul, Gədəbəy və digər rayonlardan gətirilmiş kənd təsərrüfatı məhsulları satılırdı. Şəhər sakinləri təzə və keyfiyyəıtli məhsulları həvəslə alırdılar. Salyan rayonunun Xalaç kəndindən 200 kiloqram üzüm gətirmiş Şükür Salmanov öz təsərrüfatından gətirdiyi üzümün kiloqramını 60 qəpiyə satırdı. Gədəbəy rayonunun Kiçik Qaramurad kəndindən Arzu Allahverdiyev alıcılara öz təsərrüfatının məhsullarını - bal, pendir, kartof, Sabirabadın Ulacalı kəndindən İntiqam Şükürov pomidor, badımcan, kartof, xiyar, bibər, heyva, üzüm təklif edirdilər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Qəmbərovun sözlərinə görə, bü gün satışa 13,6 ton meyvə-tərəvəz, 9 min ədəd yumurta çıxarılmışdır.
Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkada “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə cəlilabadlı fermerlər satışa 5 tona yaxın məhsul çıxarmışdılar.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzindəki yarmarkaya, İşçi qrupunun qərargahından verilən məlumata görə, müxtəlif çeşiddə keyfiyyətli, ekoloji cəhətdən təmiz və təzə məhsulların gətirildiyini, yerli sakinlərin ucuz məhsulları həvəslə aldıqlarını bildirdilər. Bu gün Salyan, Kürdəmir, Quba, Şəmkir, Ağcabədi, Biləsuvar və Qəbələ rayonlarından yarmarkaya 148 tondan çox müxtəlif məhsul gətirilmişdir.
Metronun “İnşaatçılar” stansiyasının yaxınlığındakı yarmarkada paytaxt sakinlərinə Salyan, Qusar, Dəvəçi, Astara və Quba rayonlarından müxtəlif çeşidli 54 tondan çox kənd təsərrüfatı məhsulu satılırdı. Dəvəçidən pomidor gətirmiş Polad Vəliyevin sözlərinə görə, yetişdirdiyi məhsulun çox hissəsini burada satmışdır. Ötən dövr ərzində 8 tona yaxın məhsul satdığını söyləyən fermer indən belə də bura gələcəyini bildirdi.
Səbail rayonunun Badamdar qəsəbəsindəki yarmarkada isə satışa Ağdaş, Salyan, Masallı və Saatlı rayonlarından 25 tondan çox məhsul çıxarılmışdı.
Nərimanov rayonundakı Keşlə ticarət mərkəzində təşkil olunmuş yarmarkaya Xaçmaz, İmişli, Salyan, Tovuz, Neftçala, Tərtər, Beyləqan, Oğuz və Qobustan rayonlarından 87,5 ton meyvə-tərəvəz və bostan bitkiləri gətirilmişdi. Xaçmaz rayon fermerləri alıcılara 27 ton meyvə, 18 ton tərəvəz təklif edirdilər. Rayonun fermerləri Almas Almasov və Seyfəl Sultanov mövsümün sonunadək öz məhsullarını yarmarkaya gətirəcəklərini bildirdilər.

