BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 22-də Bakı şəhərinin 7 rayonunda əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Paytaxt əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara mövsümə uyğun olaraq, əsasən bostan və tərəvəz məhsulları çıxarılmışdı.
Nəsimi rayonunda yerləşən “Təzə bazar” MMC-nin həyətindəki yarmarkada Sabirabad, Salyan, Hacıqabul, Gədəbəy və digər rayonlardan gətirilmiş kənd təsərrüfatı məhsulları satılırdı. Kənd Təsərrüfatı
Nazirliyi şöbə müdirinin müavini Fərhad Qəmbərov bildirdi ki, bü gün satışa 18,5 ton məhsul, o cümlədən 3 ton ət, 0,5 ton süd və süd məhsulları, 7 ton tərəvəz, 1 ton bostan, 5 ton meyvə, 2 ton kartof, 10 min ədəd yumurta, 2 min dəstə göyərti çıxarılmışdır.
Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkada Qobustan, Balakən, Samux, Daşkəsən, Cəlilabad, Salyan və Biləsuvar rayonlarının fermerləri satışa 21 tondan çox məhsul çıxarmışdılar. Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik məhsulları istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin əməkdaşı Mustafa Rüstəmov dedi ki, məhsulların qiymətləri bazardakından təxminən 20-25 faiz ucuzdur. Alıcılar yarmarkaların təşkilindən razılıq edirlər. Təəssüf ki, Göyçay, Şəki və Lənkəran rayonları yarmarkaya lazım olan məhsulları göndərmirlər. Bu isə bəzi məhsullarla bağlı qıtlığın yaranmasına səbəb olur.
“
Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə cəlilabadlı fermerlər satışa 5 tona yaxın məhsul çıxarmışdılar.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzindəki yarmarkada alıcılara Salyan, Kürdəmir, Quba, Şəmkir, Ağcabədi, Sabirabad, Şəki, Zaqatala rayonlarından gətirilmiş 230 ton müxtəlif çeşidli məhsul təklif olunurdu.
Metronun “İnşaatçılar” stansiyasının yaxınlığındakı yarmarkada paytaxt sakinlərinə Dəvəçi, Salyan, Astara, Qusar və digər rayonlardan gətirilmiş 55 tondan çox məhsul satılırdı. Salyandan üzüm gətirmiş Fazil Məmmədov hər həftə burada ən azı 500-700 kiloqram məhsul satdığını bildirdi. Alıcıların gətirdiyi mallardan razı qaldığını söyləyən yerli fermer bu işi təşkil edənlərə razılığını bildirdi.
Səbail rayonunun Badamdar qəsəbəsindəki yarmarkaya isə Ucar, Salyan, Saatlı, Beyləqan, Masallı və digər rayonlardan 24 tondan çox məhsul gətirilmişdi. Məhsulların keyfiyyətinə və qiymətlərə Səbail Rayon İcra Hakimiyyətinin, Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri ciddi nəzarət edirdilər.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısında təşkil olunmuş yarmarkaya Ağsu rayonundan fermer Telman Məmmədov 3 ton soğan, Teymurağa Vahidov isə pomidor, bibər və digər kənd təsərrüfatı məhsulları gətirmişdilər. Həmin məhsullar alıcılara bazardakından 20-30 faiz ucuz qiymətlərə təklif edilirdi.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Sabir Əhədov bildirdi ki, bu gün Qazax və Ağsu rayonlarının fermerləri yarmarkaya təxminən 26,2 tondan çox məhsul çıxarmışlar. Həmin məhsulların xeyli hissəsini meyvə-tərəvəz təşkil edir.
Binəqədi rayonundakı yeddinci mikrorayon ərazisində yaşayış massivi texniki peşə məktəbinin yaxınlığındakı yarmarkaya Ağstafa, Bərdə və Goranboy rayonlarından müxtəlif çeşiddə 26 tondan çox meyvə-tərəvəz və heyvandarlıq məhsulları çıxarılmışdı. Burada süd məhsullarının alıcıları daha çox idi.
Nərimanov rayonundakı Keşlə ticarət mərkəzində təşkil olunmuş yarmarkada Tərtər, Neftçala, Qobustan, Oğuz, Salyan, Xaçmaz, İmişli, Astara fermerləri satışa 5,1 ton ət, 1,3 ton ağartı, 30 ton tərəvəz, 10 ton kartof, 4 ton bostan məhsulları, 26,1 ton meyvə çıxarmışdılar. Giləzi və Göradil broyler fabriklərinin nümayəndələri alıcılara 40 min yumurta təklif edirdilər.