BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ-YARMARKALARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 29-da Bakı şəhərinin 7 rayonunda əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədilə keçirilən yarmarkalara mövsümə uyğun olaraq, əsasən meyvə, bostan və tərəvəz məhsulları çıxarılmışdı.
Nəsimi rayonunda yerləşən “Təzə bazar” MMC-nin həyətindəki yarmarkada alıcılara Sabirabad, Salyan, Gədəbəy, Tovuz, Hacıqabul və digər rayonlardan gətirilmiş kənd təsərrüfatı məhsulları təklif olunurdu. Sabirabad Rayon İcra Hakimiyyəti başçısının müavini Eydar Yaqubov bildirdi ki, bu gün satışa çıxarılan məhsulların xeyli hissəsi bu rayonun payına düşür. Sabirabadlılar satışa hər növ kənd təsərrüfatı məhsulları çıxarmışlar. Gələn həftə paytaxt sakinlərinə daha çox və müxtəlif çeşidli məhsullar təklif olunacaqdır.
Kənd Təsərrüfatı Nazirliyi mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirdi ki, bu gün satışa 24,9 ton məhsul, o cümlədən 4,5 ton ət, 0,4 ton ağartı, 8 ton tərəvəz, 2 ton kartof, 10 ton meyvə, 10 min ədəd yumurta, 5 min dəstə göyərti çıxarılmışdır.
Suraxanıda - “Günəş” ticarət mərkəzindəki yarmarkada Qobustan, Balakən, Samux, Daşkəsən, Cəlilabad, Salyan və Biləsuvar rayonlarından gətirilmiş 41 tondan çox məhsul satılırdı. Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik məhsulları istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin əməkdaşı Mustafa Rüstəmov dedi ki, məhsulların qiymətləri bazardakından təxminən 20-25 faiz ucuzdur. Alıcılar həm məhsulların çeşidindən, keyfiyyətindən, həm də qiymətlərdən razılıq edirlər.
“Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə cəlilabadlı fermerlər satışa 5 tona yaxın məhsul çıxarmışdılar.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzindəki yarmarkada şəhər sakinləri Salyan, Kürdəmir, Quba, Şəmkir, Ağcabədi, Biləsuvar və Qəbələ rayonlarından gətirilmiş meyvə-tərəvəz, ağartı, bostan və konserv məhsullarını həvəslə alırdılar. Yarmarkada kartof, soğan, pomidor, alma, üzüm, kələm və heyvandarlıq məhsulları daha çox nəzərə çarpırdı.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Atəş Nuriyev bildirdi ki, yarmarkada alıcıların arzu və təklifləri diqqətlə dinlənilir, onların hansı məhsula daha çox tələbatı olduğu öyrənilir, növbəti yarmarkada həmin məhsulun çeşidi və həcmi artırılır. Bu gün satışa 193 tondan çox meyvə-tərəvəz və digər kənd təsərrüfatı məhsulları çıxarılmışdır.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qalib Hacızadə bildirdi ki, bu gün Biləcəri qəsəbəsindəki 284 nömrəli orta məktəbin qarşısında təşkil olunmuş yarmarkaya Qazax və Ağsu rayonlarından 28,5 ton məhsul gətirilmişdir.
Binəqədi rayonunun yeddinci mikrorayon ərazisində - texniki peşə liseyinin yaxınlığındakı yarmarkada Ağstafa, Bərdə və Goranboy rayonlarının fermerləri alıcılara 22 tondan çox kənd təsərrüfatı məhsulları təklif edirdilər. Bərdəli fermer Yaşar Həsənov satışa 6 tonadək pomidor, xiyar, soğan və digər məhsullar çıxarmışdı.
Nərimanov rayonundakı Keşlə ticarət mərkəzində təşkil olunmuş yarmarkaya Tərtər, Neftçala, Qobustan, Oğuz, Salyan, Xaçmaz, İmişli və Astara rayonlarından 99,8 ton məhsul gətirilmişdi. Burada 3,3 ton ət, 0,5 ton ağartı, 47,7 ton tərəvəz, 16 ton kartof, 4 ton bostan məhsulları, 28,1 ton meyvə satılırdı. Giləzi və Goradil broyler fabriklərinin nümayəndələri satışa 18 min ədəd yumurta, 0,5 ton toyuq əti çıxarmışdılar.
Paytaxtda satış-yarmarkalar bazar günü də davam etdiriləcəkdir.