BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
![]() |
![]() |
![]() |
Nəsimi rayonunda yerləşən “Təzə bazar” MMC-nin həyətindəki yarmarkada alıcılara Sabirabad, Salyan, Gədəbəy, Tovuz, Hacıqabul və digər rayonlardan gətirilmiş kənd təsərrüfatı malları təklif olunurdu. Sabirabadın Ulacalı kənd sakini İntiqam Şükürov gətirdiyi badımcanın kiloqramını 30, bibəri 40-50, heyvanı 50 və yemişi 50, üzümü 60-80 qəpiyə, Salyanın Xalaç kəndindən gəlmiş Mühəndis Babayev armudu 60-70, narı 80, heyva və almanı 70 qəpiyə təklif edirdilər. Kənd Təsərrüfatı Nazirliyi mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirmişdir ki, bazar günü burada əhaliyə 30,8 ton məhsul, o cümlədən 5,3 ton ət, 0,5 ton süd, 10 ton tərəvəz, 12 ton meyvə, 3 ton kartof, 8 min ədəd yumurta satılmışdır.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzindəki yarmarkada şəhər əhalisi satışa çıxarılan kənd təsərrüfatı məhsullarının bolluğundan razılıq edirdilər. İşçi qrupunun qərargahından verilən məlumata görə, şənbə və bazar günləri bu yarmarkada satışa 31,5 ton kartof, 57, 5 ton meyvə, 15, 1 ton ət, 2,8 ton ağartı, 69, 5 ton tərəvəz və digər kənd təsərrüfatı məhsulları çıxarılmışdır. Buraya Salyan, Kürdəmir, Quba, Şəmkir, Şəki, Ağcabədi, Biləsuvar və Qəbələ rayonlarından gətirilmiş məhsulların qiymətləri bazardakından xeyli ucuz olmuşdur.
Biləcəri qəsəbəsi 284 nömrəli orta məktəbin qarşısındakı yarmarkada qiymətləri bazardakından 20-30 faiz ucuz olan müxtəlif çeşiddə kənd təsərrüfatı məhsulları satılırdı. Şəhər sakinləri Ağsu və Qazax rayonlarından gətirilmiş məhsulları çox həvəslə alırdılar. Burada meyvə-tərəvəz və heyvandarlıq məhsullarının keyfiyyətinə xüsusi nəzarət edilirdi. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Sabir Əhədovun sözlərinə görə, yarmarkada satışa 29 tonadək məhsul çıxarılmışdır.
Binəqədi rayonu 6 nömrəli Texniki Peşə liseyinin qarşısındakı yarmarkada da bolluq diqqəti cəlb edirdi. Burada əhaliyə Goranboy, Bərdə və Ağstafa rayonlarından gətirilmiş 23 tonadək pomidor, soğan, xiyar, kök, süd və digər kənd təsərrüfatı məhsulları təklif olunurdu.
İşçi qrupundan verilmiş məlumata görə, Nərimanov rayonundakı Keşlə ticarət mərkəzində təşkil olunmuş yarmarkada şənbə və bazar günləri şəhər sakinləri Xaçmaz, İmişli, Tovuz, Astara, Salyan, Neftçala, Oğuz və Qobustan fermerlərinin gətirdiyi məhsulları həvəslə almışlar. Qobustan Rayon İcra Hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Allahyar Atakişiyev demişdir ki, yarmarkalar təşkil olunandan bəri rayonumuzdan 109,5 ton qoyun əti, 36,6 ton mal əti gətirilmişdir. Qobustanlılar növbəti yarmarkalarda da həvəslə iştirak edəcəklər.


