BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Bakı, 11 aprel (AZƏRTAC). Aprelin 11-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada Sabirabad, Zərdab, Gədəbəy və Hacıqabul rayonlarından 13 tondan çox müxtəlif kənd təsərrüfatı məhsulları təklif olunurdu.
Sabirabaddan yarmarkaya alma, göyərti və yumurta gətirmiş Mübariz Məmmədov bu məhsulları münasib qiymətə satdığını, növbəti yarmarkalarda da mütləq iştirak edəcəyini söylədi.
Alıcılar yarmarkaların ardıcıl təşkilinin aztəminatlı ailələrin həyat səviyyəsinin yüksəlməsinə xidmət etdiyini bildirmişlər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Qəmbərovun verdiyi məlumata görə, bütün məhsulların qiymətləri bazardakından 20-25 faizə qədər ucuzdur.
Şənbə günü Yeni Yasamal yaşayış massivində “Dairə” adlanan ərazidəki ticarət mərkəzində təşkil edilmiş yarmarkada böyük canlanma nəzərə çarpırdı. Yarmarkanın yeni ünvana köçməsinə baxmayaraq, həm fermerlər, həm də alıcılar yeni ünvana tez uyğunlaşmışlar.
Yarmarkada satılan məhsullar arasında Quba, Qusar, Salyan, Dəvəçi, Astara, İmişli və digər rayon fermerlərinin təsərrüfatlarından gətirilmiş kələm, kartof, soğan, alma, yerkökü, çuğundur, xiyar, pomidor, ağartı məhsulları, sitrus meyvələri və göyərti çoxluq təşkil edirdi.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Vahid Zərgərov bildirdi ki, bugünkü yarmarkaya fermerlər və şəxsi təsərrüfat sahibləri 62 ton məhsul gətirmişlər. Satışa çıxarılan bütün məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılır, ət məhsulları diqqətlə baytar müayinəsindən keçirilir.
Hər dəfə olduğu kimi, bu gün də Salyan rayonunun Qızılağac kəndindən - Zöhrab Böyükağa oğlunun “Qırxçıraq” fermer təsərrüfatından gətirilmiş mal və qoyun ətləri üçün böyük növbə yaranmışdı. Burada ət bazar qiymətlərindən xeyli aşağı - mal əti 4 manat 50 qəpiyə, qoyun əti isə 5 manat 60 qəpiyə satılırdı.
Yarmarkadan əlidolu çıxan alıcılar qiymətlərin münasibliyindən, yeni ünvanda alış-veriş üçün yaradılan şəraitdən razılıq edirdilər.
Badamdar qəsəbəsinin mərkəzində, 9, 7 və 5 mərtəbəli binaların həyətində, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkaya Ağdaş, Salyan, Sabirabad, Masallı, Quba və digər rayonlardan 7 tondan çox kənd təsərrüfatı məhsulları, Giləzi quşçuluq fabrikindən 13 min 800 yumurta gətirilmişdir. Biri 5 qəpiyə təklif edilən yumurtaları sakinlər həvəslə alırdılar.
Burada satılan meyvə-tərəvəz və süd məhsulları təkcə ucuz qiymətinə görə deyil, həm də keyfiyyətinə görə diqqəti cəlb edirdi.
Salyandan gətirdiyi mal ətinin kiloqramını 4 manata təklif edən fermer Məmməd Nəcəfov bildirmişdir ki, son vaxtlar bura ardıcıl olaraq ət gətirir. Bu müddətdə qəsəbə sakinlərinə 1500 kiloqramdan çox ət satdığını söyləyən M.Nəcəfov alıcıların razı qaldıqlarını vurğulamışdır.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzində təşkil edilmiş yarmarkada Qəbələ, Qax, Ağcabədi, Biləsuvar, Quba, Salyan, Kürdəmir və Şəmkir rayonlarından gətirilmiş kənd təsərrüfatı məhsullarının çeşidinin çoxluğu diqqəti cəlb edirdi.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Namiq Qüdrətov bildirdi ki, bu gün alıcılara 222,7 ton məhsul təklif olunur. Yarmarkada göyərti, kələm, alma, kartof, soğan daha çox alınırdı. Baharın gəlişi ilə əlaqədar burada tərəvəz məhsulları çoxluq təşkil edirdi. Bazar qiymətlərindən xeyli ucuz təklif olunan məhsulları həvəslə alan sakinlər yarmarkanın təşkilatçılarına minnətdarlıqlarını bildirirdilər.
Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkada şəhər sakinlərinə Samux, Daşkəsən, Quba, Biləsuvar və digər rayonlardan gətirilmiş 50 ton 250 kiloqram məhsul təklif olunurdu. Havaların xoş keçməsi şəhər sakinlərinin yarmarkaya axınını gücləndirmişdi. Burada fermerlərə və şəxsi təsərrüfat sahiblərinə satışa daha çox və müxtəlif çeşidli məhsul çıxarmalarına bütün imkanlar yaradılmışdır. Yarmarkaya gətirilən məhsullar arasında kartof, soğan, yerkökü, kələm, xiyar, balqabaq, ət, süd məhsulları, göyərti, alma, qoz, fındıq, habelə istixanalarda yetişdirilmiş pomidor və digər məhsullar çoxluq təşkil edirdi.
Burada yumurtanın biri 7-10 qəpiyə, almanın kiloqramı 20-50 qəpiyə, qoz ləpəsi 2 manat 50 qəpik-3 manata, şabalıd 1 manat 50 qəpik-3 manata, qoyun əti 5 manat-5 manat 50 qəpiyə, quzu əti 6 manata, mal əti 4 manat, quş əti 3 manat-3 manat 50 qəpiyə satılırdı.
“Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada Cəlilabad rayonunun fermerləri sakinlərə 6 ton 900 kiloqram məhsul təklif edirdilər. Burada sakinlərə bazar qiymətlərindən xeyli ucuz ət, ağartı, kartof, soğan, alma, nar, heyva, toyuq əti, yumurta, kələm, balqabaq, göyərti və s. təklif edirdilər.
Yarmarkaya 57 tondan çox məhsulun çıxarıldığını bildirən Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov bütün məhsulların keyfiyyətinin ciddi surətdə yoxlanıldığını, xüsusilə ət məhsullarının baytar müayinəsindən keçirildiyini diqqətə çatdırmışdır.
Yarmarkadan əlidolu çıxan sakinlər həm qiymətlərin münasibliyindən, həm də məhsulun bolluğundan razılıq edirdilər.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısındakı yarmarkada satılan kənd təsərrüfatı məhsullarının qiymətləri bazardakından 30-35 faiz ucuz idi.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qalib Hacızadə bildirdi ki, Ağsu və Qazax rayonlarından yarmarkaya 19 tondan çox məhsul gətirilmişdir.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada Goranboy, Ağstafa və Bərdədən gətirilmiş keyfiyyətli kənd təsərrüfatı məhsulları ucuz qiymətlərə təklif olunurdu.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Eminovun verdiyi məlumata görə, şənbə günü Nərimanov rayonunun Ə.Əliyev küçəsindəki yarmarkada Tərtər, İmişli, Oğuz, Xaçmaz, Astara və Beyləqan rayonlarından olan fermerlər 23,1 ton məhsul, o cümlədən 20 min yumurta çıxarmışdılar.
Yarmarkada kartof 30-50 qəpiyə, pomidor 1 manat 50 qəpiyə, xiyar 1 manata, soğan 40 qəpiyə, çuğundur 60 qəpiyə, kök 50 qəpiyə, alma 30 qəpiyə, mal əti 4 manat 50 qəpiyə, qoyun əti 5 manata, yumurtanın biri 5-6 qəpiyə, göyərtinin dəstəsi 10 qəpiyə təklif olunurdu.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri yarmarkada qayda-qanuna nəzarət edirdilər.
######
![]() |
![]() |

