BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Bakı, 13 aprel (AZƏRTAC). Aprelin 12-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdır.
Bazar günü “Təzə bazar” MMC-nin həyətindəki yarmarkada Sabirabad, Zərdab, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilmiş 9 tondan çox geniş çeşiddə kənd təsərrüfatı məhsulları təklif olunurdu.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Qəmbərov bildirmişdir ki, ümumilikdə iki gündə yarmarkada 22 tondan artıq məhsul satılmışdır.
Gədəbəydən gəlmiş Arzu Tanrıquliyev yarmarkaya 100 kiloqramdan çox bal gətirdiyini və kiloqramını 12-14 manata satdığını söyləmişdir. Növbəti yarmarkalarda da mütləq iştirak edəcəkdir.
Yarmarkada qoyun ətinin kiloqramı 4 manat 50 qəpiyə, mal əti 4 manata, quş əti 2 manat 80 qəpiyə-3 manata, kök, çuğundur 50-60 qəpiyə, kartof və soğan 30-40 qəpiyə, yumurtanın biri 6-7 qəpiyə təklif edilirdi.
Bazar günü Yeni Yasamal yaşayış massivində, “Dairə” adlanan ərazidəki ticarət mərkəzində təşkil olunan yarmarkada Salyan, Dəvəçi, Qusar, Astara, Quba, İmişli və digər rayonların fermerləri bir gün əvvəl gətirdikləri 62 ton kənd təsərrüfatı məhsullarının 80 faizdən çoxunu artıq satmışdılar. Yarmarkada soğan-kartofun kiloqramı 40-50 qəpiyə, kələm 20-30 qəpiyə, alma 30-50 qəpiyə, istixanada yetişdirilmiş xiyar 1 manata, pomidor 1 manat 50 qəpik-2 manata, diri balıq 4-5 manata, göyərtinin bir neçə dəstəsi 10-20 qəpiyə təklif olunurdu.
Burada məhsulun keyfiyyətinə, sanitar-gigiyenik tələblərə əməl olunmasına ciddi nəzarət vardı.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzində alıcılar məhsulların bolluğundan və qiymətindən razılıq edirdilər. İşçi qrupunun qərargahından verilən məlumata görə, şənbə və bazar günləri burada Qəbələ, Qax, Ağcabədi, Biləsuvar, Quba, Salyan, Kürdəmir və Şəmkir rayonlarından gətirilmiş 81 ton meyvə, 79,2 ton tərəvəz, 46 ton kartof, 8,2 ton ət və digər məhsullar satılmışdır.
Aprelin 11-12-də Suraxanı rayonundakı yarmarkalarda ümumilikdə 57 ton 150 kiloqram məhsul satılmışdır.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov demişdir ki, Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkada Samux, Daşkəsən, Quba, Biləsuvar və digər rayonlardan gətirilmiş 50 ton 250 kiloqram məhsul satılmışdır. Burada fermerlərə və şəxsi təsərrüfat sahiblərinə satışa daha çox və müxtəlif çeşidli məhsul çıxarmalarına bütün imkanlar yaradılmışdır. Gətirilən məhsullar arasında kartof, soğan, yerkökü, kələm, balqabaq, ət, süd məhsulları, göyərti, xiyar-pomidor, alma, armud, qoz, fındıq və digər məhsullar çoxluq təşkil edirdi.
“Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə Cəlilabad rayonunun fermerləri 6 ton 900 kiloqramdan çox məhsul satmışlar. Burada sakinlərə bazar qiymətlərindən xeyli ucuz ət, kartof, soğan, sitrus meyvələri, alma, heyva, toyuq əti, yumurta, kələm, balqabaq, göyərti və s. təklif olunmuşdur.
Yarmarkalarda bütün məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılır, xüsusilə ət məhsulları baytar müayinəsindən keçirilir.
İki gün ərzində Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısındakı yarmarkada Ağsu və Qazax rayonlarından olan fermerlər alıcılara bazar qiymətlərindən xeyli ucuz kələm, kök, kartof, çuğundur, soğan və digər kənd təsərrüfatı məhsulları təklif etmişlər.
Ağsu Rayon İcra Hakimiyyəti başçısının müavini Elxan Abdullayev bildirdi ki, yarmarkada 19,6 ton kənd təsərrüfatı məhsulları satılmışdır.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkaya da bol məhsul gətirilmişdi. Goranboy, Ağstafa və Bərdə rayonlarının fermerləri sakinlərə ucuz qiymətlərə kök, kələm, soğan, çuğundur, digər meyvə-tərəvəz təklif edirdilər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Eminovun verdiyi məlumata görə, şənbə-bazar günləri Nərimanov rayonunun Ə.Əliyev küçəsindəki yarmarkada fermerlər 23,1 ton məhsul, o cümlədən 20 min yumurta çıxarmışdılar.
Alıcılardan Yasəmən Hüseynova, Xurşud Abiyeva, Gülşən Məmmədova məhsulların keyfiyyətindən və qiymətindən razılıqlarını bildirmişlər.
Yarmarkada kartof 30-50 qəpiyə, pomidor 1 manat 50 qəpiyə, xiyar 1 manata, soğan 40 qəpiyə, çuğundur 60 qəpiyə, kök 50 qəpiyə, alma 30 qəpiyə, mal əti 4 manat 50 qəpiyə, qoyun əti 5 manata, yumurtanın biri 5-6 qəpiyə, göyərtinin dəstəsi 10 qəpiyə təklif olunurdu.
Nərimanov Rayon İcra Hakimiyyətinin və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri yarmarkada qayda-qanuna nəzarət edirdilər.
######
