BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Bakı, 25 aprel (AZƏRTAC). Aprelin 25-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdır.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkaya Sabirabad, Zərdab, Gədəbəy, Hacıqabul və digər rayonlardan 14 tondan çox müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları gətirilmişdi.
Yarmarkada qiymətlər bazardakından 20-25 faiz aşağı idi. Alıcılardan Gülnarə Məmmədova, Sabir Qarayev, Sevinc Əhmədova və başqaları yaradılmış şəraitdən, qiymətlərin ucuzluğundan və məhsulun keyfiyyətindən razılıq edirdilər.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzində alıcılar məhsulların bolluğundan və qiymətindən razılıq edirdilər. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Namiq Qüdrətov bildirdi ki, burada satışa Qəbələ, Qax, Ağcabədi, Biləsuvar, Quba, Salyan, Kürdəmir və Şəmkir rayonlarından gətirilmiş 204 tondan çox meyvə-tərəvəz, kartof, ət və digər məhsullar çıxarılmışdı.
Yarmarkanın xidmətindən minlərlə şəhər sakini istifadə edir. Həm alıcılar razı qalır, həm də fermerlər yetişdirdikləri məhsulları maneəsiz sata bilirlər. Burada tərəvəz, meyvə, pendir, mal və qoyun əti bazardakından xeyli ucuz təklif olunurdu.
Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkada şəhər sakinlərinə Samux, Daşkəsən, Quba, Biləsuvar və digər rayonlardan gətirilmiş 42 ton 500 kiloqram məhsul təklif olunurdu. Fermerlərə və şəxsi təsərrüfat sahiblərinə satışa daha çox və müxtəlif çeşidli məhsul çıxarmağa imkan yaradılmışdı. Satışa çıxarılmış məhsullar arasında kartof, soğan, yerkökü, kələm, balqabaq, ət, süd məhsulları, göyərti, xiyar, alma, armud, qoz, fındıq, habelə istixana şəraitində yetişdirilmiş pomidor və digər məhsullar çoxluq təşkil edirdi. Burada yumurtanın biri 5-7 qəpiyə, almanın kiloqramı 30-50 qəpiyə, qoz ləpəsi 2 manat 50 qəpik-3 manata, qoyun əti 4 manat 50 qəpiyə, mal əti 4 manata, quş əti 3 manat-3 manat 50 qəpiyə satılırdı.
“Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkaya Cəlilabad rayonunun fermerləri 6 ton 600 kiloqram məhsul gətirmişdilər. Alıcılara təklif olunan ət, ağartı, kartof, soğan, alma, nar, heyva, toyuq əti, yumurta, kələm, balqabaq və göyərtinin qiyməti bazardakından xeyli ucuz idi. Yarmarkalardan əlidolu çıxan şəhər sakinləri həm qiymətlərin ucuz olmasından, həm də mal və məhsulun çeşidinin çoxluğundan razılıq edirdilər. Satışa 49 ton 100 kiloqram məhsul çıxarıldığını bildirən Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov, bütün məhsulların keyfiyyətinin ciddi surətdə yoxlanıldığını, xüsusilə ət məhsullarının baytar müayinəsindən keçirildiyini diqqətə çatdırmışdır.
Fermerlər və şəxsi təsərrüfat sahibləri onlara yaradılan şəraitdən, yarmarkada alış-veriş edən şəhər sakinləri isə məhsulların çoxluğundan və qiymətlərin ucuzluğundan razılıqlarını bildirirdilər.
Həmişə olduğu kimi, bu dəfə də Yeni Yasamal yaşayış massivində “Dairə” adlanan ərazidəki ticarət mərkəzində təşkil edilmiş yarmarkada paytaxt sakinləri Salyan, Quba, Qusar, Dəvəçi, Astara, İmişli və digər rayonların fermer təsərrüfatlarından gətirilmiş ağartı, kartof, soğan, alma, yerkökü, çuğundur, xiyar, pomidor, kələm, sitrus meyvələri, göyərti və digər məhsulları həvəslə alırdılar. Hər dəfə olduğu kimi, bu gün də Salyan rayonunun Qızılağac kəndindən - Zöhrab Böyükağa oğlunun “Qırxçıraq” fermer təsərrüfatından gətirilmiş təzə mal və qoyun əti üçün böyük növbə yaranmışdı. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Vahid Zərgərovun verdiyi məlumata görə, bugünkü yarmarkaya fermerlər və şəxsi təsərrüfat sahibləri 54,4 ton məhsul gətirmişlər. Satışa çıxarılan bütün məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılır, alıcıların arzu və istəkləri nəzərə alınır.
Badamdar qəsəbəsinin mərkəzində, 9, 7 və 5 mərtəbəli binaların həyətində, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkada Ağdaş, Salyan, Sabirabad, Masallı, Quba və digər rayonların fermerləri satışa 9 tondan çox kənd təsərrüfatı məhsulları çıxarmışdılar. Bundan əlavə, alıcılara Giləzi quşçuluq fabrikindən 13 mindən artıq yumurta gətirilmişdi. 4 -5 qəpiyə təklif olunan yumurtaları qəsəbə sakinləri həvəslə alırdılar.
Ağdaşdan gətirdiyi təzə kələmi 50 qəpiyə satan Camal Balayev bildirdi ki, yarmarkaya 300 kiloqram məhsul çıxarmışdır. Günün yeni başlamasına baxmayaraq, artıq 80 kiloqramdan çox kələm satmışam.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri burada məhsulların keyfiyyətinə və qiymətinə ciddi nəzarət edirdilər. Bütün məhsulların qiyməti bazardakından 20-30 faiz aşağıdır.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısındakı yarmarkada kənd təsərrüfatı məhsullarının bolluğu göz oxşayırdı. Sakinlər qiymətləri bazardakından 25-30 faiz ucuz olan almanı, kökü, soğanı, xiyarı, kartofu və digər məhsulları həvəslə alırdılar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qalib Hacızadə bildirdi ki, bu gün alıcılara Ağsu və Qazax rayonlarından gətirilmiş 19,8 ton məhsul təklif olunur.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada da Ağstafa, Bərdə və Goranboy fermerləri satışa ucuz qiymətlərə bol kənd təsərrüfatı məhsulları çıxarmışdılar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Eminovun verdiyi məlumata görə, Nərimanov rayonunun Ə.Əliyev küçəsindəki yarmarkada şənbə günü bakılılara 25,07 ton məhsul, o cümlədən 8 min yumurta təklif edilmişdir. Burada kartofun kiloqramı 30-50 qəpiyə, pomidor 1 manat 50 qəpiyə, xiyar 1 manata, soğan 40, çuğundur 60, kök 50, alma 30 qəpiyə, mal əti 4 manat 50 qəpiyə, qoyun əti 5 manata, yumurtanın biri 5-6 qəpiyə, göyərtinin dəstəsi 10 qəpiyə satılırdı.
######
![]() |
![]() |

