BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Bakı, 2 may (AZƏRTAC). Mayın 2-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdır.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkaya Sabirabad, Zərdab, Gədəbəy, Hacıqabul və digər rayonlardan 13,13 ton məhsul, o cümlədən 1,7 ton ət, 0,4 ton ağartı, 4,5 ton tərəvəz, 3,5 ton kartof, 3 ton meyvə, 4,5 min yumurta, 30 kiloqram bal gətirilmişdi.
Gədəbəyli fermer Arzu Tanrıquliyev satışa çıxardığı balın kiloqramını 9-10 manata, pendiri 1 manat 50 qəpiyə - 2 manata, kartofu və kələmi 30-40 qəpiyə təklif edirdi. Məhsulun yarısını artıq satdığını və yarmarkada yaradılan şəraitdən razılığını bildirdi.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzində alıcılar məhsulların bolluğundan və qiymətindən razılıq edirdilər. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Namiq Qüdrətov bildirdi ki, burada satışa Qəbələ, Qax, Ağcabədi, Biləsuvar, Quba, Salyan, Kürdəmir və Şəmkir rayonlarından gətirilmiş 202,4 tondan çox meyvə-tərəvəz, kartof, ət və digər məhsullar çıxarılmışdı. Alıcıların çoxluğunun əsas səbəbi burada qiymətlərin bazarlardakından ucuz olmasıdır. Əlbəttə, satışa çıxarılan məhsulların keyfiyyəti də əsas amildir. Yarmarkaya məhsul gətirənlər arasında Şəmkir fermerleri fərqlənirlər.
Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkada şəhər sakinlərinə Samux, Daşkəsən, Quba, Biləsuvar və digər rayonlardan gətirilmiş 44 ton 450 kiloqram məhsul təklif olunurdu. Fermerlərə və şəxsi təsərrüfat sahiblərinə satışa daha çox və müxtəlif çeşidli məhsul çıxarmağa imkan yaradılmışdı. Satışa çıxarılmış məhsullar arasında kartof, soğan, yerkökü, kələm, balqabaq, ət, süd məhsulları, göyərti, xiyar, alma, armud, qoz, fındıq, habelə istixana şəraitində yetişdirilmiş pomidor, eləcə də alça, çiyələk və digər məhsullar çoxluq təşkil edirdi.
Burada yumurtanın biri 5-6 qəpiyə, almanın kiloqramı 30-50 qəpiyə, qoz ləpəsi 2-3 manata, qoyun əti 4 manat 50 qəpiyə, mal əti 4 manata, quş əti 3 manat-3 manat 50 qəpiyə satılırdı. Təzəcə yetişən alça və çiyələyin kiloqramı 6 manata təklif olunurdu. Alıcılar Cümşüd Ələkbərov, Naibə Həşimova və Zahirə Qədimova bildirmişlər ki, bu meyvələr bazarda 10 manata satılır. Ona görə də həmin məhsulları yarmarkadan almaq olduqca sərfəlidir.
“Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkaya Cəlilabad rayonunun fermerləri 7 ton 300 kiloqram məhsul gətirmişdilər. Alıcılara təklif olunan ət, ağartı, kartof, soğan, alma, nar, heyva, toyuq əti, yumurta, alça, kələm, balqabaq, çiyələk və göyərtinin qiyməti bazardakından xeyli ucuz idi. Yarmarkalardan əlidolu çıxan şəhər sakinləri həm qiymətlərin ucuz olmasından, həm də mal və məhsulun çeşidinin çoxluğundan razılıq edirdilər. Satışa 51 ton 750 kiloqram məhsul çıxarıldığını bildirən Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov, bütün məhsulların keyfiyyətinin ciddi surətdə yoxlanıldığını, xüsusilə ət məhsullarının baytar müayinəsindən keçirildiyini diqqətə çatdırmışdır. Bugünkü yarmarkada Samux və Cəlilabad rayonları fermerlərinin fəallığı vurğulanmışdır.
Şənbə günü Yeni Yasamal yaşayış massivində “Dairə” adlanan ərazidəki ticarət mərkəzində təşkil edilmiş yarmarkada paytaxt sakinləri Salyan, Quba, Qusar, Dəvəçi, Astara, İmişli və digər rayonların fermer təsərrüfatlarından gətirilmiş ağartı, kartof, soğan, alma, yerkökü, çuğundur, xiyar, pomidor, kələm, sitrus meyvələri, göyərti və digər məhsulları həvəslə alırdılar. Hər dəfə olduğu kimi, bu gün də Salyan rayonunun Qızılağac kəndindən - Zöhrab Böyükağa oğlunun “Qırxçıraq” fermer təsərrüfatından gətirilmiş təzə mal və qoyun əti üçün böyük növbə yaranmışdı. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Vahid Zərgərov bildirmişdir ki, bugünkü yarmarkaya fermerlər və şəxsi təsərrüfat sahibləri 55,1 ton məhsul gətirmişlər. O, satışa çıxarılan məhsullar arasında Salyan rayonundakı “Hacı Camalxan” kəndli fermer təsərrüfatından gətirilmiş süd məhsullarının, həmin rayondan Sədaqət Güləliyevin, Astaradan Tariyel Məmmədovun müxtəlif çeşidli məhsullarının öz keyfiyyəti və ucuzluğu ilə seçildiyini vurğulamışdır.
Badamdar qəsəbəsinin mərkəzində, 9, 7 və 5 mərtəbəli binaların həyətində, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkada Ağdaş, Salyan, Sabirabad, Masallı, Quba və digər rayonların fermerləri satışa 7 tondan çox kənd təsərrüfatı məhsulları çıxarmışdılar. Bundan əlavə, alıcılara Giləzi və Hacıqabul quşçuluq fabriklərindən 13 min 750 yumurta gətirilmişdi.
Masallıdan gətirdiyi təzə kartofu 60 qəpiyə satan Kənan Kazımov məhsulun qəsəbə sakinləri tərəfindən həvəslə alındığını bildirdi.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri burada məhsulların keyfiyyətinə və qiymətinə nəzarət edirdilər. Bütün məhsulların qiyməti bazardakından 25-30 faiz aşağı idi. Qəsəbə sakinləri Fidan Budaqova, Hüseyn Hüseynov və başqaları yarmarkaların davamlı təşkilindən razılıq edirdilər.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısındakı yarmarkada kənd təsərrüfatı məhsullarının bolluğu diqqəti cəlb edirdi. Qazax Rayon İcra Hakimiyyətinin nümayəndəsi İman Məmmədov bildirmişdir ki, rayonun fermerləri bu gün satışa münasib qiymətə 3,7 ton tərəvəz, 5,2 ton kartof, 3,4 ton meyvə çıxarmışlar.
Sakinlər məhsulların həm təzə , həm də keyfiyyətli olduğunu söyləyirdilər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qalib Hacızadə bu gün alıcılara Ağsu və Qazax rayonlarından gətirilmiş 18,7 ton məhsul təklif olunduğunu söyləmişdir.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada da Ağstafa, Bərdə və Goranboy fermerləri satışa bazar qiymətlərindən 20-30 faiz ucuz olan kənd təsərrüfatı məhsulları çıxarmışdılar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Eminovun verdiyi məlumata görə, Nərimanov rayonunun Ə.Əliyev küçəsindəki yarmarkada şənbə günü bakılılara 26,2 ton məhsul, o cümlədən 8 min yumurta təklif edilmişdir. Burada məhsulların qiyməti bazardakından xeyli ucuz idi.