BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Bakı, 20 iyul (AZƏRTAC). İyulun 19-da Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkaya Sabirabad, Zərdab, Gədəbəy və Hacıqabul rayonlarından 11 tondan çox müxtəlif kənd təsərrüfatı məhsulları gətirilmişdi. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Qəmbərovun verdiyi məlumata görə, məhsulların qiymətləri bazardakından 20-25 faizə qədər ucuzdur. Ümumilikdə şənbə və bazar günü yarmarkada 27 tondan çox məhsul satılmışdır.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Vahid Zərgərovun verdiyi məlumata görə, şənbə və bazar günü Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində təşkil olunan yarmarkada Salyan, Dəvəçi, Quba, Qusar, Astara və digər rayonlardan gətirilmiş 67 ton kənd təsərrüfatı məhsulu satılmışdır. Paytaxt sakinləri onlara təklif olunan mövsümi meyvə və tərəvəz məhsullarının - kartof, soğan, lobya, badımcan, bibər, yerkökü, pomidor, xiyar, qarğıdalı, şaftalı, ərik, gilas, alça, yay alması, gavalı, yemiş, qarpız və digər mövsümi məhsulları həvəslə almışlar.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzində təşkil edilmiş yarmarkada satışa Qəbələ, Qax, Ağcabədi, Biləsuvar, Quba, Salyan, Kürdəmir və Şəmkir rayonlarından gətirilmiş kənd təsərrüfatı məhsullarının çeşidinin çoxluğu diqqəti cəlb edirdi. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Namiq Qüdrətov bildirdi ki, şənbə və bazar günləri alıcılara 260 tondan çox məhsul təklif olunmuşdur. Burada tərəvəz məhsulları çoxluq təşkil etmişdir. Bazar qiymətlərindən xeyli ucuz təklif olunan məhsulları həvəslə alan sakinlər yarmarkanın təşkilatçılarına minnətdarlıqlarını bildirirdilər.
Şənbə və bazar günləri Suraxanı rayonu ərazisində təşkil olunmuş yarmarkalarda 71 ton 600 kiloqram məhsul satılmışdır. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov demişdir ki, Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkada şəhər sakinlərinə Samux, Daşkəsən, Quba, Biləsuvar, Balakən və digər rayonlardan, “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə Cəlilabad rayonundan gətirilmiş məhsul satılmışdır. Yarmarkada məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılmış, xüsusilə ət məhsulları baytar müayinəsindən keçirilmişdir.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısındakı yarmarkaya Qazax və Ağsu fermerlər müxtəlif çeşiddə kənd təsərrüfatı məhsulları gətirmişdilər. Alıcılar onlara təklif edilən məhsulların həm keyfiyyətli, həm də ucuz qiymətlərə olduğunu bildirirdilər. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qalib Hacızadənin verdiyi məlumata görə, şənbə və bazar günlərində yarmarkada 19 tonadək meyvə-tərəvəz və bostan məhsulları satılmışdır.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada sakinlərə Bərdə, Goranboy və Ağstafadan gətirilmiş lobya, kələm, kartof, qarpız, pomidor, soğan, badımcan və digər kənd təsərrüfatı məhsulları təklif olunmuşdur.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Eminovun verdiyi məlumata görə, Nərimanov rayonunun Ə.Əliyev küçəsindəki yarmarkada Xaçmaz, Tərtər, İmişli, Tovuz, Astara, Oğuz və Qobustan rayonlarının fermerləri iki gün ərzində 35,4 ton meyvə-tərəvəz, Goradil, Giləzi broyler fabrikinin nümayəndələri isə 20 min ədəd yumurta satmışlar.