BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Bakı, 25 iyul (AZƏRTAC). İyulun 25-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada satışa Sabirabad, Zərdab, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilmiş 15 tondan çox məhsul, o cümlədən 2,5 ton ət, 0,35 ton ağartı, 4 ton tərəvəz, 3 ton meyvə, 3,5 ton kartof, 5 min yumurta, 40 kiloqram bal çıxarılmışdı. Yarmarkaya hər həftə məhsul gətirdiyini bildirən sabirabadlı Rauf Qasımov ətin kiloqramını 4 manata satırdı. Alıcı Almaz Babayevanın sözlərinə görə, yaxın ərazidə yaşadığından ancaq buradan bazarlıq edir. Məhsulların qiyməti münasib, keyfiyyəti isə yüksəkdir. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Qəmbərovun verdiyi məlumata görə, bütün məhsulların qiymətləri bazardakından 20-25 faizə qədər ucuzdur.
Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində təşkil olunan yarmarkada əhaliyə Qusar, Salyan, Oğuz, Dəvəçi, Astara, Quba və digər rayonlardan gətirilmiş 68 tondan çox kənd təsərrüfatı məhsulları təklif olunurdu. Yarmarkaların təşkilindən həm alıcılar, həm də satıcılar razılıq edirdilər. Alıcılar məhsulun keyfiyyətini, qiymətlərinin ucuzluğunu qeyd etməklə yanaşı, yarmarkaların təkcə şənbə və bazar günləri deyil, bütün həftə ərzində keçirilməsini arzulayırdılar. Ağdaş rayonundan gəlmiş fermer Eldar Məmmədov dedi ki, kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan hər kəs bu təşəbbüsü bəyənir. Əvvəllər yetişdirdiyimiz məhsulu əlimizdən dəyər-dəyməzinə alıb şəhər əhalisinə baha qiymətə satırdılar. İndi isə həm biz məhsulumuzu satmaq üçün bazar tapmışıq, həm də alıcılar təzə meyvə və tərəvəzi sərfəli qiymətə ala bilirlər.
Badamdar qəsəbəsinin mərkəzində, 9, 7 və 5 mərtəbəli binaların həyətində, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkaya Ağdaş, Salyan, Sabirabad, Quba, Şəmkir və digər rayonlardan 14 tondan çox kənd təsərrüfatı məhsulu, Giləzi, Hacıqabul quşçuluq fabriklərindən 7 min 800 ədəd yumurta gətirilmişdi.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzindəki yarmarkada Qəbələ, Qax, Ağcabədi, Biləsuvar, Quba, Salyan, Kürdəmir və Şəmkir rayonlarının fermerləri alıcılara tərəvəz, meyvə, pendir, mal və qoyun əti, bal və digər məhsullar təklif edirdilər. Bazar qiymətlərindən çox ucuz olan bu məhsullar alıcılar tərəfindən həvəslə alınırdı. İşçi qrupunun qərargahından verilən məlumata görə, satışa 131 ton məhsul çıxarılmışdı. Burada mal əti 4 manata, qoyun əti isə 4 manat 50 qəpiyə, kartof və soğan 30-40 qəpiyə satılırdı.
Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkaya şəhər sakinlərinin güclü axını müşahidə olunurdu. Burada sakinlərə Samux, Daşkəsən, Quba, Biləsuvar, Balakən və digər rayonlardan gətirilmiş 63 ton 900 kiloqram məhsul təklif olunurdu. Məhsullar arasında meyvə, bostan məhsulları çoxluq təşkil edirdi. Alıcılar məhsulun çeşidinin çoxluğundan, yüksək keyfiyyəti və sərfəli qiymətindən razılıq edirdilər.
“Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə Cəlilabad rayonunun fermerləri satışa 8 ton 200 kiloqram məhsul çıxarmışdılar.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısındakı yarmarkada şəhər sakinlərinə Qazax və Ağsudan gətirilmiş pomidorun kiloqramı 30, kartof 30-35, qarpız 25-30 qəpiyə təklif edilirdi. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qalib Hacızadənin verdiyi məlumata görə, bu gün yarmarkaya 22,5 ton məhsul çıxarılmışdır.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada şəhər sakinləri Bərdə, Goranboy və Ağstafadan gətirilmiş kələmi, qarpızı, kartofu, lobyanı, pomidoru, badımcanı, kökü, digər məhsulları ucuz qiymətlərə ala bilirdilər.
Nərimanov rayonunun Ə.Əliyev küçəsindəki yarmarkaya Xaçmaz, Tərtər və İmişli rayonlarından 38,2 ton meyvə-tərəvəz, digər kənd təsərrüfatı məhsulları gətirilmişdi. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Eminov bildirmişdir ki, bununla yanaşı alıcılara Goradil və Giləzi broyler fabriklərinin nümayəndələri tərəfindən 14 min ədəd yumurta, 400 litr süd, 700 kiloqram təzə ət də təklif olunur. Bunlardan başqa yarmarkada müxtəlif quru meyvələr, arıçılıq məhsulları bazardan aşağı qiymətlərlə satılır.
######
![]() |
![]() |

