BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Bakı, 27 iyul (AZƏRTAC). İyulun 26-da Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkaya Sabirabad, Zərdab, Gədəbəy, Hacıqabul və digər rayonlardan geniş çeşiddə məhsul gətirilmişdi. Səhər tezdən yarmarkaya gələn alıcılar - pensiyaçı Sevil Dadaşova, evdar qadın Hicran Ağayeva və başqaları məhsulların bazarlara nisbətən ucuz olduğuna görə təşkilatçılara və fermerlərə minnətdarlıq edirdilər. Burada qoyun ətinin kiloqramı 4 manat 50 qəpiyə, mal əti 4 manata, kartof, kələm, soğan, xiyar, çuğundur, kök 30-40 qəpiyə, yumurtanın biri 5 qəpiyə və s. satılırdı. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Qəmbərov bildirdi ki, bu gün alıcılara 11,82 ton məhsul, o cümlədən 1,5 ton ət, 0,3 ton ağartı, 4 ton tərəvəz, 2,5 ton kartof, 3 ton meyvə, 5 min ədəd yumurta təklif olunur. Yarmarkada qiymətlər bazardakından 20-25 faiz aşağıdır.
Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində təşkil olunan yarmarkada yüksək fəallıq hiss olunurdu. Satışa çıxarılan kənd təsərrüfatı məhsullarının bolluğu və çeşidin müxtəlifliyi buraya daha çox alıcı cəlb etmişdi. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Vahid Zərgərov bildirdi ki, bir gün əvvəl Salyan, Dəvəçi, Quba, Qusar, Astara və digər rayonlardan gətirilmiş 68,4 ton kənd təsərrüfatı məhsulunun yarıdan çoxu satılıb qurtarmışdır. Bakılılar onlara təklif olunan məhsulların - kartof, soğan, lobya, badımcan, bibər, yerkökü, pomidor, xiyar, qarğıdalı, şaftalı, ərik, gilas, alça, yay alması, gavalı, yemiş, qarpız və s. qiymətlərinin bazarlara nistətən 30-40 faiz, hətta bəzilərinin yarıbayarı ucuz olmasından razılıq edirdilər.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzində şəhər sakinləri Qəbələ, Qax, Ağcabədi, Biləsuvar, Quba, Salyan, Kürdəmir və Şəmkir rayonlarından gətirilmiş meyvə-tərəvəz, ağartı, bostan və digər məhsulları həvəslə alırdılar. Yarmarkada kartof, soğan, lobya, pendir, gilas daha bol idi. İşçi qrupunun qərargahından verilən məlumata görə, şənbə və bazar günləri burada əhaliyə 261 tondan çox kənd təsərrüfatı məhsulları satılmışdır.
Suraxanı rayonunda təşkil olunmuş yarmarkalarda şəhər sakinlərinə 72 ton 100 kiloqram məhsul təklif olunmuşdur.
Kənd Təsərrüfatı Nazirliyinin məsul işçisi Mustafa Rüstəmov demişdir ki, Suraxanıdakı “Günəş” ticarət mərkəzindəki yarmarkada sakinlərə Samux, Daşkəsən, Quba, Biləsuvar, Balakən və digər rayonlardan gətirilmiş 63 ton 900 kiloqram, “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə Cəlilabad rayonundan gətirilmiş 8 ton 200 kiloqram məhsul satılmışdır. Məhsullar arasında meyvə-tərəvəz, bostan məhsulları çoxluq təşkil etmişdir. Yarmarkalarda məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılmış, xüsusilə ət məhsulları baytar müayinəsindən keçirilmişdir.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qalib Hacızadənin verdiyi məlumata görə, Ağsu və Qazax fermerləri şənbə və bazar günləri Biləcəri qəsəbəsindəki 284 nömrəli orta məktəbin qarşısındakı yarmarkada satışa 21 tonadək təzə meyvə-tərəvəz və süd məhsulları çıxarmışlar. Ucuz qiymətlərə satılan bu məhsulları sakinlər həvəslə alırdılar.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkaya isə Goranboy, Ağstafa və Bərdədən ucuz qiymətlərə müxtəlif çeşiddə meyvə-tərəvəz gətirilmişdi.
Nərimanov rayonunun Ə.Əliyev küçəsindəki yarmarkada şənbə və bazar günləri Xaçmaz, Tərtər və İmişli rayonlarından gətirilmiş 38,2 ton meyvə-tərəvəz, digər kənd təsərrüfatı məhsulları satılmışdır.
######
